Türkiyədə kirayə tutmaq və ev almaq çox çətindir -İQTİSADÇI

Soydaşlarımızın bu ilin ilk 6 ayında daha az daşınmaz əmlak alması elə də ciddi səbəblərə bağlı deyil

  Qardaş Türkiyədə daşınmaz əmlak alan vətəndaşlarımızın sayı bəlli olub. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 339 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 56 obyekt azdır. Bu məlumatı Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı yayıb. Məlumatda qeyd olunur ki, ümumilikdə bu ilin iyun ayında Türkiyədə 79 min 313 mənzil satın alınıb ki, bu da 2023-cü ilin iyun ayı ilə müqayisədə 5,2 faiz azdır. 2024-cü ilin iyun ayında Türkiyədə xarici vətəndaşlara 1 440 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 45,1 faiz azdır. Qeyd edək ki, qardaş Türkiyədə ən çox daşınmaz əmlak alan 20 xarici ölkə vətəndaşları siyahısında Azərbaycan türkləri daim ilk onluqda qərarlaşır. Ötən ilin  avqust ayında azərbaycanlılar qardaş ölkədən 75 mənzil alıb. Bu, Azərbaycanın məlum siyahıda 9-cu pillədə yerləşməsinə səbəb olub. Ən çox daşınmaz əmlak alan isə ruslar olub. Ötən ay Türkiyədə 733 mənzil alan Rusiya vətəndaşları siyahıda birinci, 342 mənzil alan İran vətəndaşları ikinci, 220 mənzil alan İraq vətəndaşları isə siyahının üçüncü pilləsindədir. Sonrakı pillələrdə yerlərdə Qazaxıstan, Ukrayna, Küveyt, Almaniya, Səudiyyə Ərəbistanı, ABŞ-dir. Türkiyədə daşınmaz əmlak alanlar arasında digər ölkələrin vətəndaşları da var –  Özbəkistan, Əfqanıstan, Pakistan, Fələstin, Misir, İordaniya, Livan kimi müsəlman ölkələri ilə yanaşı, Çin, İsveçdən də gəlib Türkiyədə yerləşirlər. Azərbaycan vətəndaşlarının qardaş ölkədə satın aldıqları daşınmaz əmlakın bu il ötən illərə nisbətən az olmasının səbəbləri nədir?     
 
 “Sherg.az”a açıqlama verən iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, soydaşlarımızın bu ilin ilk 6 ayında daha az daşınmaz əmlak alması elə də ciddi səbəblərə bağlı deyil: 
- Türkiyədə də daşınmaz əmlak bazarında, mənzil bazarında qiymətlərin yüksəlməsi müşahidə edilir. Türkiyəyə müvəqqəti, mövsümü çalışmaq üçün, ticarət üçün gedənlərə böyük məbləğdə vəsait xərcləyib mənzil almaq sərf etmir. Bəzi həmyerlilərimiz müəyyən müddətə qardaş Türkiyəyə gedir. Bunlar uzunmüddətli oturum izni almayanlardır. Amma o kəslərin ki qardaş ölkədə daimi iş yerləri var, artıq ailələri ilə birgə yaşayırlar, gələcək perspektivləri də var, onlar çalışırlar daşınmaz əmlaka sahib olsunlar. Çünki daşınmaz əmlak almaq kirayə haqqı ödəməkdən sərfəlidir. Amma Türkiyədə müvəqqəti, bəlli bir zaman daxilində qalanlar mənzil kirayələyir. Ailəsi olmayanlar, bir neçə nəfər bir mənzil kirayələyir, birlikdə qalırlar. Bu da sərfəlidir. İşə dəvət olunanlar var, deyək ki bir neçə illiyinə. Onlar baha qiymətə mənzil almaqda maraqlı deyillər. Kirayədə qalmağı sərfəli hesab edirlər. O adamlar daşınmaz əmlak alır ki, artıq daimi yaşayış yeri olaraq qardaş ölkəni seçib. Bunun üçün də müəyyən zaman keçməlidir, gəlirlər mənzil almağa yetərli olmalıdır. Bizdə də hazırda daşınmaz əmlak bazarında qiymətlər yüksəkdir. Ölkəmizdə müvəqqəti olanlar mənzil almağa maraq göstərmir. Uyğun mənzil, ev tapıb kirayə qalırlar.     

  İqtisadçı qeyd etdi ki, son illərdə əcnəbilərin Türkiyəyə axını müşahidə olunur, bunun da bəlli səbəbləri var: 
- Türkiyə iqtisadiyyatı son illərdə çox şaxələnib, genişlənib, iqtisadiyyatda nəzərəçarpan artım var. İstər yüksək texnologiyalar, havaçılıq, aeorokosmonavtika, istər sənaye, kənd təsərrüfatı, maşınqayırma, energetika, o cümlədən turizm sektoru – yəni sənaye və iqtisadiyyatın bütün sahələri hazırda yüksək inkişaf mərhələsindədir. Təkcə hər il təşkil olunan “Tecnofestival”ı xatırlatmaq yetərlidir. Harada ki iqtisadiyyat inkişaf edir, orada işçi qüvvəsinə də ehtiyac yaranır. Ora qazanc mənbəyinə çevrilir. Türkiyədə tikinti sektoru da daim genişlənir. Bəzi ölkələrdən məhz tikintidə çalışmaq üçün gəlirlər. Harada ki işçi qüvvəsinə ehtiyac var, ora həmişə axın olur. Ukraynalıların da son illərdə Türkiyəyə marağı artıb. Türkiyə siyasi müstəvidə də Ukraynanı dəstəkləyir, ukraynalılara  yaşayış imkanı verir, onlar da məmnuniyyətlə gəlirlər, orada işləyirlər, yaşayırlar.  Kimisi işləmək üçün, kimisi daimi yaşayış üçün gəlir. Daşınmaz əmlak alanlar da var, kirayədə mənzil tutanlar da. Kimə necə sərfəlidirsə, elə edir.