“Axilles dabanı”

Dilçilikdə ən müxtəlif hiss və emosiyaları ifadə edən müxtəlif daşlaşmış, hazır ifadələr var. Onlardan biri də “Axilles dabanı”dır. Birləşmənin hazırda ifadə etdiyi konkret mənaya gəlməzdən əvvəl onu deyək ki, Axilles bir çox qədim yunan əsatirinin qəhrəmanıdır. Əfsanədə deyilir ki, Axillesin anası Fetida, oğlunu məğlubedilməz olmasını istədiyindən, onu Yunanlarda müqəddəs sayılan Stiks çayının suyuna salır. Amma bu zaman oğlunun dabanından tutduğundan ora su dəymir və daban qorunmamış qalır.
Axillesin tərbiyəçisi kentavr Xiron onu şir, ayı və qabanların daxili orqanları ilə bəsləyir, kifarada çalıb oxumağı öyrədir. Onun sayəsində Axilles qorxu bilməz döyüşçü kimi boya-başa çatır.
Döyüşlərin birində Axillesin rəqibi Paris onu öldürməyi bacarır. Parisin oxu Axillesin bədənindəki yeganə zəif yer olan dabanına sancılır. Qədim dövrlərin görkəmli sərkərdəsi Makedoniyalı İsgəndərin sevimli qəhrəmanı olan məğrur və şücaətli Axilles beləcə həlak olur.
O vaxtdan bu yana insanlar bütün zəif və həssas yerləri “Axillesin dabanı” adlandırırlar.
Əslində hər kəsin həyatında bir “Axilles daban”ı olur. Bunu hər kəsdən, bəzən hətta sevdiklərimizdən də gizlədirik. Kimsəyə demək, kimsə ilə bölüşmək istəmirik. Çünki zəif nöqtəmizdir, həssas yerimizdir. Həmin “Axilles dabanı” bizim üçün toxunulmaz olur, müqəddəsə çevrilir. 
 “Axilles dabanımızı” bəzən hətta özümüzdən də gizlədirik. Özümüzə də etiraf etmək istəmirik...
...Hər birimizin həyatında “Axilles dabanımızı” bilən, görən cəmi bir neçə insan olur. Hansısa daxili bir hissin diktəsi ilə zəif nöqtəmizi kiməsə deyirik, göstəririk. Bəzən bilərəkdən edirik. Bəzən isə heç necə olur özümüz də bilmirik. Bircə bildiyimiz o olur ki, qarşı tərəfə özümüz qədər, hətta özümüz də çox inanırıq. Yaramıza məlhəm olacağını, “Axilles dabanımızı” gücləndirəcəyini düşünürük. Əslində bir müddət hər şey çox yaxşı olar.
Ta ki, o müthiş ana kimi...Nə isə, necəsə olur və qarşı tərəf “Axilles dabanımızdan” vurur. Bu, insanı kürəyindən bıçaqlamağa bənzəyir. Ağır gəlir. Çox vaxt şok effekti yaradır. Bilmirik nə edək. Elə bil, nəfəsimiz kəsilir. Yer ayağımızın altından qaçır. Çoxlarından, çox şeydən, bəlkə də, həyatın özündən küsürük. Bilmirik, özümüzdən küsək, ya qarşı tərəfdən. Yoxsa, həyatdan, taledən. 
Bəzən də “Axilles dabanımız” qarşı tərəfin özü olur. O, həyatda uğrunda hər şey edəcəyimiz insanlardan  birinə çevrilir. Və bizi elə özü ilə “vurur”. 
...Nə edirsiz edin, amma heç vaxt bir insanı “Axilles dabanın”dan vurmayın. Bunun nə izahı var, nə də adı...

Kənan Novruzov