Qazaxıstan Parlamenti Senatının nümayəndə heyəti Milli Məclisdə olub

Avqustun 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Qonaqları VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın adından səmimi salamlayan Aparat rəhbəri, Azərbaycan və Qazax xalqları arasında dərin köklərə söykənən çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinə dair fikirlərini səsləndirib, Qazaxıstan tərəfinə Azərbaycanın ərazi bütövlüyü məsələsindəki ədalətli mövqeyinə görə təşəkkürünü bildirib.

O, cari ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin işğaldan azad edilmiş Füzuli şəhərində inşa olunan Qazax xalqının hədiyyəsi - Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirakını məmnuniyyətlə qeyd edib. Fərid Hacıyev ölkəmizdə sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə hazırlıq barədə fikirlərini bildirib.

Maksim Spotkay Milli Məclis Aparatının rəhbərini Qazaxıstana səfərə dəvət edib. Ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışan qonaq, əlaqələrin inkişafında ölkə prezidentlərinin xüsusi rolunu qeyd edib.

Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov iştirak ediblər.

Qazaxıstan Parlamenti Senatının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik, İqtisadi qanunvericilik, Sosial qanunvericilik, Beynəlxalq münasibətlər və İnformasiya resursları və texnologiyaları şöbələri ilə nümayəndə heyətində təmsil olunan müvafiq şöbələrin nümayəndələri arasında görüşlər keçirilib. Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olarkən parlamentin inzibati binası ilə də tanış olub.