Azərbaycan və Gürcüstan birgə dəmir yolu müəssisəsi yaradıb

ADY Gürcüstanın dəmir yolu təşkilatı ilə "BTKI Railways" MMC adlı birgə müəssisə yaradıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.

Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional nəqliyyat bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək.