Birləşdirmək çıxış yolu deyil
Bələdiyyələrə geniş səlahiyyətlər verilməlidir
Bələdiyyələr hansısa icra başçısının tapşırığı ilə ayağa durub-oturacaqsa, onların şöbəsinə çevriləcəksə, nəsə gözləmək mənasızdır
Azərbaycanda 1400 bələdiyyə birləşəcək. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və digər qanun layihələrində əksini tapıb. Qeyd olunub ki, birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-da 684-ə düşəcək. Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev deyib ki, Azərbaycanda 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var. O bildirib ki, bələdiyyələrin borcu problemi uzun illərdir var: "Borcların böyüməsinin qarşısı alınıb, lakin əvvəldən qalan borclar hələ də var. 1100-ə yaxın bələdiyyənin 8 milyon manata yaxın dövlətə borcu var. Bunların çoxu 3 ildən artıqdır ki, mövcuddur. Dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyalarla bunu həll etmək olar. Amma bu da bələdiyyələrdə bir az arxayınlıq yarada bilər. Müəyyən təkliflər var. Birləşmə başa çatdıqdan sonra bu problemi həll etmək daha optimal olacaq". PA rəsmisi həmçinin bildirib ki, 400-ə yaxın bələdiyyənin torpaq vergilərindən əlavə gəlirləri yoxdur.
Ədalət, Hüquq, Demokratiya, (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, Abşeron rayon Mehdiabad qəsəbəsindən beş dəfə bələdiyyə üzvü seçilmiş Niyaməddin Orduxanlı "Sherg.az"a deyib ki, 25 ildir bələdiyyə sahəsində fəaliyyət göstərir, hətta 10 il bələdiyyə rəhbərliyində çalışıb. N.Orduxanlı vurğulayıb ki, riyaziyyatda gözəl termin var, toplananların yerini dəyişdikdə cəm dəyişmir:
"İlkin bələdiyyələr yarananda, Azərbaycanda təxminən 2700 bələdiyyə subyekti var idi. Sonradan birləşmə prosesi həyata keçirildi və hazırda 1606 bələdiyyə var. Söhbət ondan gedir ki, bələdiyyələrin birləşməsindən daha çox onlara geniş səlahiyyətlər verilməsinə ehtiyac var. Bələdiyyələrin səlahiyyətləri yoxdur və sadəcə torpaq, əmlak vergisindən gəlir əldə edir. Əmlakın çıxarışı olarsa, bələdiyyə oradan rüsum yığa bilər. Əgər 6 sot ərazidirsə, il ərzində cəmi 3.50- 4 manatdan söhbət gedir. Nəzərə alaq ki, Azərbaycanda 600 minə yaxın dövlət qeydiyyatında olmayan evlər var. Elə bələdiyyələr var ki, min hektarlarla ərazidə tikilən evlərin qeydiyyatı yoxdur və ona görə də vergiyə cəlb edilmir. Bələdiyyənin adicə səlahiyyəti yoxdursa, hansı perspektivdən danışmaq olar? Fransa bələdiyyələrinin təcrübəsini öyrənmişəm. Fransada yerli özünüidarəetmə institutunun, bələdiyyə sisteminin təxminən 850 illik tarixi var. Qardaş Türkiyənin 100 illik təcrübəsi var və böyük imkanlara, səlahiyyətlərə malikdir".
N.Orduxanlı vurğulayıb ki, Azərbaycan cəmiyyətində bələdiyyələr icra hakimiyyətlərinin bir şöbəsi, əlavəsi kimi xarakterizə olunur: "Bu tendensiyanı aradan qaldırmaq üçün bələdiyyələrə geniş səlahiyyətlər, imkanlar verilməlidir. Qanunu da o formada dəyişmək lazımdır. Təsəvvür edin, Bakı şəhərinin rayonlarının bələdiyyə ərazisində əmlaklarını təsdiq edəcək aktları yoxdur, xəritələri yoxdur. 25 ildir Bakı şəhərinin, Gəncə şəhərinin bələdiyyəsi yoxdur. Bu problemlər aradan qalxmadan bələdiyyənin sayını 1600-dən 100-ə endirsələr də, faydasızdır. Hansı dünya ölkəsinin təcrübəsində var ki, bələdiyyənin torpağını Dövlət Əmlak Komitəsi hərracla satır. Bir çox hallarda 99 faiz bələdiyyə torpaqlarının hərraca çıxarılmasının ilkin mərhələsində Əmlak Komitəsi ondan imtina edir. Bələdiyyələr öz torpaqları üzərində səlahiyyət sahibi deyillər. Deyək ki, siz 30 ildir hansısa rayonda yaşayırsız və orada əlavə 2-3 sot torpağınız var. 30 ildir sizin istifadənizdədir. Torpaq Məcəlləsinə görə, uzun müddət həmin torpaqdan istifadə edirsizsə, qanunla sizə verilməlidir. Bələdiyyə də həmin torpağı sizin ixtiyarınıza verirsə, onun sənədləşmə prosesi Əmlak Komitəsində gedir. Əmlak Komitəsi də bundan imtina edir. Bunu yeni torpaq sahəsinin satılması kimi qəbul edir. Məhz bu səbəbdən bu gün Əmlak Komitəsi ilə bələdiyyələr arasında ciddi problem var. Dünyanın heç bir ölkəsində belə hala rast gəlinmir ki, vətəndaşa bilavasitə, yaxud hərrac yolu ilə verilən torpağa Əmlak Komitəsi nəzarət etsin, satışa çıxartsın. Bələdiyyə müstəqil qurumdursa, öz vətəndaşını, həmin ərazidə olan torpağın istifadə qaydasını daha yaxşı bilir".
Partiya təmsilçisi əlavə edib ki, Azərbaycanda hazırda üç idarəetmə forması var: "SSRİ dövründən qalmış icra hakimiyyətləri, bələdiyyə və bir də Prezidentin xüsusi nümayəndələri. İcra hakimiyyətləri birmənalı ləğv edilməlidir. Onsuz da icra başçıları özünü doğrultmur. Bir bölgədə üç idarəetmə forması dünyanın heç harasında yoxdur. Ona görə də gələn il Azərbaycanda referendum keçirilməlidir. Bələdiyyələr hansısa icra başçısının tapşırığı ilə ayağa durub-oturacaqsa, onların şöbəsinə çevriləcəksə, bələdiyyələrdən nəsə gözləmək mənasızdır".