Təbiətə ziyan vuranlara qarşı sərt davranılacaq

İctimai və dövlət maraqlarının müdafiəsi 

Çünki bunu vətəndaşların rifahı, ictimai maraqların qorunması da tələb edir

COP29 konfransı təbiətin - bəşəriyyətin xilası naminə mühüm platforma oldu

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhz ölkə vətəndaşlarının sağlamlığını prioritet hesab edərək ötən ilin sonunda 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi, ekologiyanın, ətraf mühitin mühafizəsi istiqamətində vacib addımların atılması, karbon emissiyalarının azaldılması, məişət tullantılarının atmosferə zərərlərinin minimuma endirilməsı və “yaşıl enerji”yə keçiddə mühüm irəliləyişlərin əldə edilməsi, nəticə etibarilə dünya dövlətlərinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti konfransının – COP29-un  ölkəmizdə keçirilməsinə yekdilliklə səs verməsinə əsas yaratdı. Noyabrın 11-dən etibarən işinə başlayan COP29 çərçivəsində artıq xeyli sayda mühüm qərarlar qəbul edilib və bu qərarların qəbulunda əsas məqsəd təbiəti mühafizə etməklə bəşəriyyətə töhfə vermək, insan sağlamlığını böyük ölçüdə təhdid edən iqlim dəyişmələrinin qarşısının alınmasıdır. Təbiətin mühafizəsi təkcə bəşəriyyətin xilası, insanların sağlam gələcəyi üçün önəmli deyil, ekoloji tarazlığın pozulması eyni zamanda ölkələri, dövlətləri də təhdid edir. Təsadüfi deyil ki, hazırda COP29-a toplaşmış inkişaf etməkdə olan və bir sıra kiçik ada dövlətləri məhz inkişaf etmiş ölkələri atmosferin daha çox çirklənməsində günahkar sayır, iqlim maliyyələşmələrinin məbləğini artırmalarını, inkişaf etməkdə olan və həm enerji, həm də maliyyə resursları aşağı səviyyədə olan dövlətlərə yardım göstərmələrini tələb edirlər. Təbiətin mühafizəsi cəmiyyət üçün nə qədər vacibdirsə, hökumətlər üçün də bir o qədər vacibdir. Dövlət maraqları ictimai maraqların qorunmasına bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 19-da Cinayət Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Bu dəyişiklik ekoloji sistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllərə görə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmanı ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə edilən yeni 104-1 (ekosid) maddəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. CM-yə belə bir dəyişikliyi təsdiq etməklə cənab Prezident ictimai və dövlət maraqlarının müdafiəsi naminə təbiətin mühaifəzəsinin nə dərəcədə önəmli olduğunu göstərir. 

  Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az"a açıqlamasında hazırda davam edən COP29 konfransının təbiətin - bəşəriyyətin xilası naminə mühüm platforma olduğunu söylədi: 
- Azərbaycan dövləti belə bir mühüm platformaya yüksək səviyyədə ev sahibliyi etməklə, dünya dövlətlərinə, ictimai birliklərə, vətəndaş cəmiyyəti üzvlərinə geniş müzakirə, öz fikirlərini, problemləri gündəmə gətirmək imkanı yaratmaqla, dünyanın, insanlığın xilasında nə qədər maraqlı olduğunu, bunun üçün real addımlar atdığını, bəşəriyyətin gələcəyi üçün narahat olduğunu sözdə deyil, əməli ilə təsdiq edir. Cənab Prezidentin məhz COP29 günlərində Cinayət Məcəlləsinə məlum dəyişikliyi təsdiq etməsi də buna sübutdur. Azərbaycan hökuməti ekosid edənlərə, təbiətə ziyan vuranlara qarşı sərt davranacağını bununla təsdiq edir. Çünki bunu vətəndaşların rifahı, ictimai maraqların qorunması da tələb edir. COP29 çərçivəsində indiyədək də mühüm müzakirələr  aparılıb, bir sıra vacib qərarlar qəbul edilib. Məsələn, bu gün noyabrın 20-si COP29 çərçivəsində Urbanizasiya, Turizm və Nəqliyyat Günü olub. “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin iştirakı ilə dəyirmi masanın keçiriləcəyi bildirilib. Tədbirdə davamlı şəhər nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi, karbon emissiyasının azaldılması, nəqliyyat sektorunun yaşıllaşdırılması yolu ilə havanın keyfiyyətinin yaxşılaşdırılması, bu məsələlərin dövlətlərin siyasətinə daxil edilməsi müzakirə olunacaq. Ekoloji baxımdan dünyanın qabaqcıl şəhərləri ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısının alınmasında əsas addımlardan biri kimi elektrik avtobuslarından istifadəni görür. Xatırladım ki, bir müddət əvvəl Bakı şəhərində Zığ Elektrik Avtobus Parkı istifadəyə verilib. Hazırda avtobus parkı elektrik mühərrikli 160 ədəd avtobusdan ibarətdir. 2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir. Bundan əlavə, həyata keçirilən islahatlar nəticəsində taksi avtoparkı da yenilənir və ölkəyə çoxlu sayda elektromobillər idxal olunur. 150 ədəd “LEVC TX5” markalı “plug-in hibrid” taksilər də gətirilib. Dəyirmi masada iştirak edənlər də təsdiqləyiblər ki, iqlim dəyişikliyi iqtisadiyyatdan tutmuş, iş, əmək bazarı, hətta insan resurslarına qədər bütün sahələrə təsirini göstərir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Yaşıl iş və bacarıqlara dair yüksək səviyyəli üçtərəfli dəyirmi masa”da çıxışı zamanı dedi ki, iqlim dəyişikliyi hazırda ətraf mühitə, insanlara, sağlamlığa təsir edir. Bu dövrdə ən mühüm seqment işçi qüvvəsinin, insan qüvvələrinin bu dəyişikliklərə hazırlanmasıdır. Müvəqqəti olaraq, iqlim dəyişikliyinin həyatımızda təşviq edəcəyi çağırışlara cavab vermək üçün daha yaxşı təhsil sisteminə ehtiyacımız var. Xüsusilə, gəncləri, əlilləri və yaşıl bacarıqlar üçün iş tapmaqda müəyyən çətinliklərlə üzləşən digər insanları hazırlamaq üçün ölkə daxilində daha yaxşı peşə təhsili və təlim sisteminə ehtiyacımız var. Bununla yanaşı, maarifləndirməni də artırmalıyıq. Ümumilikdə ictimaiyyətin, vətəndaşların iqlim dəyişikliyi, onun mənfi fəsadları, qarşısının alınması üçün cəmiyyət olaraq nə edə bilərik, bu istiqamətdə daimi maarifləndirmə, məlumatlandırma işi aparılmalıdır. Hər bir vətəndaş bilməlidir ki, ətraf mühitə ziyan vurmaq nəylə nəticələnə bilər. Bunun fərd olaraq hər birimizə hansı ziyanları toxunacaq. Son zamanlar su, torpaq ehtiyatlarından düzgün istifadə, israfçılığın qarşısının alınması, torpaqlardan təyinatına görə istifadə edilməsi əsas müzakirə mövzularından biridir. Bu, əhalinin gələcəyinə hesablanan məsələlərdir. Əgər bu gün yersiz su itkisinə yol verilirsə, kənd təsərrüfatı təyinatlı torpaqlar aidiyyəti üzrə istifadə olunmursa, yaşıllıqlar, meşə örtüyü qəsdən, məqsədli şəkildə və ya məlumatsızlıqdan, hətta səhlənkarlıqdan məhv edilirsə, əlbəttə, ciddi şəkildə məsuliyyətə cəlb edilməlidir. İctimai maarifləndirmə ən yüksək səviyyədə təşkil edilməlidir ki, vətəndaşlar məlumatlı olsun. Biz təbiətin, atmosferin mühafizəsinə o zaman istənilən səviyyədə nail ola bilərik, nə zaman ki insanlar zərərləri düzgün anlaya biləcək. Və hamımız ümumi işin xeyrinə çalışacağıq.