Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT

Yad modellər Azərbaycan ailəsini dəyişdirir

Mətanət Məmmədova: “Müasir həyat tərzi gəncləri ailə qurmaqdan uzaqlaşdırır”



Azərbaycan İlahiyyat İnstitutunda “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, artıq iki ildir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İlahiyyat İnstitutunda Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirilir. O qeyd edib ki, açıq dərsin keçirilməsində məqsəd milli ailə dəyərlərinin təşviqi, mənəvi dəyərlərə hörmət hissinin aşılanması, gənc nəslin gələcəkdə sağlam təməllər üzərində ailə qurmağa hazırlanması istiqamətində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi və ailə institutunun qorunmasında gənclərin rolunun artırılmasıdır. Onun sözlərinə görə, layihə çərçivəsində tələbələr dinlənilir, onlarda müzakirələr aparılır. "Tələbələr ailə dəyərlərinin müxtəlif psixoloji və sosial aspektləri istiqamətində çıxışlar edirlər. Müasir dünyada ailə dəyərlərinə qarşı müxtəlif təhdidlər mövcuddur. Ənənəvi ailə modeli tədricən öz funksiyalarını itirir, müasir yanaşmalar ön plana çıxır. Müasir Azərbaycan ailəsi isə ənənələrinə sadiq qalmalıdır. Bu baxımdan, köklərinə bağlı olan və eyni zamanda müasir dövrün çağırışlarını nəzərə alan ailə modelini cəmiyyətə təlqin etməyə çalışırıq”. Aqil Şirinov həmçinin əlavə edib ki, institutda ailə dəyərləri və erkən nikahlarla bağlı müxtəlif layihələr həyata keçirilir. 

 Problemin çox aktual olduğunu, milli məsələ səviyyəsinə çatdığını söyləyən sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında bildirdi ki, bu formatda tədbirlər təkcə ali məktəblərdə deyil, orta məktəblərdə də keçirilməlidir. Biz övladlarımıza ailə müqəddəsliyini qorumalı, xalqımızın əsrlərlə qoruyub saxladığı ali dəyərlərə sahib çıxmalı olduqlarını onlara erkən yaşda öyrətməliyik: 

- Ənənəvi ailə dəyərləri müasir modellərə təslim edilir. Bəli, bu gün artıq deyə bilərik ki, müasir ailə dəyərləri ənənəvi dəyərlər üzərində qələbə çalmaqdadır. 30 il əvvəlki ailələri götürsək və bu günün ailələri ilə müqayisə etsək, buna əmin olarıq. Keçirilən tədbir göstərir ki, aidiyyəti qurumlar da narahatdır, ailə dəyərlərini qorumağa çalışırlar. Deyərdim ki, hər bir ziyalı, hər bir aidiyyəti qurum bu mövzunu müzakirəyə çıxarmalıdır, gənclər maarifləndirilməlidir. Biz ənənələrimizi qorumasaq, gələcəyə əliboş gedəcəyik. Üzərimizə gələn təhlükə haqqında dəfələrlə danışmış, demişik ki, qeyri-rəsmi institutlar var ki, ölkələrdə ailə dəyərlərini məhv etmək, xalqların dəyərlərini əllərindən almağa, müasirlik adı altında yeni dünya düzəninin qurbanına çevirmək istəyirlər. Biz milli dəyərlərimizi, ənənələrimizi 100 illər boyu yaşadıb bu günə gətirib çıxarmışıq. Onları qorumasaq, gələcək nəslə nə verəcəyik? 

Sosioloq qeyd etdi ki, bu günün ümumi ailə tablosuna baxdıqda fərqli mənzərə görünür: 

- Azərbaycan ailəsində böyüyün, kiçiyin öz yeri olub, valideyn sözü dinlənilib, ağsaqqal, ağbirçəklərə hörmət olub, onlardan məsləhət alınıb. Ailə qurmağın da öz yaş dövrü var. Bu ənənə də pozulub. Baxırsan, 30 yaşını keçmiş insanlardır, ailə qurmayıblar, ya da çox erkən yaşda evliliyə məcbur edilirlər. Erkən nikah problemi yaşanır hazırda. Niyə biz bu hala düşdük? Çünki yad ənənələr, yad modellər cəmiyyətimizə daşındı. Vətəndaş nikahı deyilən “müasir birgəlik” modeli yayıldı. “Bir-birimizi tanıyaq, xasiyyətimiz tutsa, evlənəcəyik”, deyirlər. Məgər iki insanın bir-birinin xasiyyətini öyrənməsi üçün bir evdə yaşaması lazımdır? Azərbaycanda vətəndaş nikahı anlayışı olmayıb. Bu gün birgə yaşadınız, sabah ayrıldınız, o xanımla kim ailə quracaq? Bununla bir insanın gələcək həyatı məhv olur. Əvvəllər ailələr gəncləri evləndirirdi, hətta fərqli xasiyyətlərə malik insanlar ömrülərinin sonunadək birgə mehriban yaşayır, möhkəm ailə qururdular. Nə oldu ki indiki gənclər bunu bacarmır? Sadəcə, gənclərimizin beyni kənardan ölkəmizə gətirilən yad düşüncələrlə dolduruldu. Bəziləri deyir, karyera qurmalıyam, bəzisi deyir, işim, evim, gəlirim olsun, sonra. Beləcə yaş keçir. Amma əvvəllər belə deyildi. İki nəfər ailə qurur və çətinlikləri birgə aradan qaldırırdılar. Ev də olurdu, qazanc da artırdı. Təhsilini davam etdirib ali dərəcə alanlar olurdu. Ailə birgəlikdir, çətinliklərin öhdəsindən birgə gəlməkdir. Lakin müasir gənclər arasında çətinliyə dözməyən, rahat, qayğısız həyat ardınca gedənlər var. Bu da ailə dəyərlərimizin pozulmasına əsas yaradır. 

M.Məmmədova qeyd etdi ki, doğum faizinin aşağı düşməsi də ailə dəyərlərimizin deqradasiyaya uğramasının göstəricisidir: 

- Gənclər ailə qurmaqda gecikirsə, övladlar dünyaya gəlmirsə, bu bizim genefondumuza zərbə vurur. Əhali arasında yaşlıların sayı artır, gənclərin sayı azalır. Böyük ailə modelindən kiçik ailə modelinə keçmişik. Bu da əks təsirli fikirlərin nəticəsidir. Gənclər böyük ailələrdə yaşamaq istəmir. Tələb qoyurlar qarşıya ki, ayrıca ev, mənzil olsun. “Həyatın dadını çıxar”, çağırışları gəncləri ailə qurmaqdan uzaqlaşdırır. Bir milləti məhv etmək üçün dilini, dinini – mənəviyyatını əlindən almalısan. Buna nail olmaq üçün də ailə dəyərlərimizi sıradan çıxarmağa çalışırlar. Ailə dəyərlərimizi gələcək nəsillərə ötürmək istəyiriksə, maarifləndirmə tədbirləri təkcə ali məktəblərdə deyil, orta məktəblərdə də keçirilməlidir.