Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
- Sosioloq: "Artıq imkanlı ailələr də az uşaq sahibi olmağa üstünlük verirlər"
Cari ilin ilk beş ayında 15107 nikaha daxilolma və 8087 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.
İlin 5 ayı üçün əhali artımı ilə bağlı statistika da açıqlanıb. İyuna qədər olan məlumata görə, əhali artımı cəmi 9287 nəfər təşkil edib. Bu hesabla ilin sonuna, yəni 2026-cı il üçün əhali artımını 22 min civarında gözləmək olar. 2025-ci ildə əhali artımı 37.462, 2024-cü ildə isə 44.119 nəfər idi.
Mütəxəssislər hesab edirlər ki, bu tendensiya təkcə statistik rəqəmlərin dəyişməsi kimi qiymətləndirilməməlidir. Gənclərin ailə qurma yaşının yüksəlməsi, iqtisadi çətinliklər, mənzil problemi, məşğulluq imkanları, miqrasiya prosesləri, dəyişən həyat tərzi və ailə dəyərlərinə münasibətdə baş verən transformasiya nikahların sayına birbaşa təsir göstərən əsas amillər sırasındadır. Digər tərəfdən, boşanmaların hələ də yüksək səviyyədə qalması mövcud ailələrin davamlılığı ilə bağlı problemlərin aradan qalxmadığını göstərir.
Demoqrafiya yalnız əhalinin sayından ibarət məsələ deyil. Bu göstəricilər ölkənin sosial, iqtisadi və milli təhlükəsizlik strategiyası ilə sıx bağlıdır. Əhali artım tempinin zəifləməsi uzunmüddətli perspektivdə əmək qabiliyyətli əhalinin azalması, yaşlanmanın sürətlənməsi və sosial yükün artması kimi nəticələr doğura bilər. Məhz buna görə də son statistika fonunda ailə siyasətinin səmərəliliyi, gənclərin ailə qurmasını stimullaşdıran mexanizmlər və doğumun təşviqi istiqamətində həyata keçirilən tədbirlərin yetərliliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövcud dinamika davam edərsə, Azərbaycan yaxın illərdə təkcə ailə institutunun zəifləməsi ilə deyil, həm də demoqrafik tarazlığın qorunması baxımından ciddi çağırışlarla üzləşə bilər.
Mövzunu "Şərq"ə şərh edən sosioloq Mail Yaqub Azərbaycanda əhali artım tempinin zəifləməsini ciddi demoqrafik çağırış kimi qiymətləndirib. Onun fikrincə, mövcud tendensiya uzunmüddətli perspektivdə ölkənin demoqrafik tarazlığına mənfi təsir göstərə bilər:
"Əhali artım tempinin azalması Azərbaycan üçün ciddi narahatlıq doğuran tendensiyadır və gələcək baxımından müsbət perspektiv vəd etmir. Onsuz da ölkəmizin əhalisi böyük deyil. Əgər mövcud dinamika uzun müddət davam edərsə, növbəti onilliklərdə əhalinin sayında ciddi azalma baş verə bilər. Bu prosesi artıq Rusiya və bir sıra Avropa ölkələrinin timsalında müşahidə edirik".
Sosioloqun sözlərinə görə, əhali artımının zəifləməsinin əsas səbəbləri sosial-iqtisadi problemlər və ailə modelində baş verən dəyişikliklərlə bağlıdır: “Digər mühüm amil isə ailələrin həyat tərzinin və dəyərlərinin dəyişməsidir. Artıq təkcə maddi imkansız ailələr deyil, iqtisadi vəziyyəti yaxşı olan ailələr də daha az uşaq sahibi olmağa üstünlük verirlər. Bu, cəmiyyətin ailə və övlad sayı ilə bağlı baxışının dəyişdiyini göstərir. Demoqrafik geriləmənin qarşısını almaq üçün dövlət tərəfindən ailələri stimullaşdıran sosial siyasət həyata keçirilməlidir. Dövlət bu prosesə laqeyd qalmamalı və ailələri daha çox uşaq sahibi olmağa təşviq edən mexanizmlər tətbiq etməlidir. Xüsusilə ikinci və üçüncü uşağın dünyaya gəlməsini stimullaşdıracaq vergi güzəştləri, sosial ödənişlər, mənzil və digər dəstək proqramları hazırlanmalıdır. Beynəlxalq təcrübə göstərir ki, düzgün sosial siyasət demoqrafik vəziyyətə müsbət təsir edə bilir. Ailələrin rifahı yüksəldikcə demoqrafik göstəricilər də müsbət istiqamətdə dəyişə bilir. Azərbaycanda da sosial-iqtisadi vəziyyət yaxşılaşarsa və ailələrə real dəstək mexanizmləri tətbiq olunarsa, əhali artım tempini yenidən yüksəltmək mümkündür"
Sosioloq Elçin Bayramlı isə qeyd edib ki, təbii əhali artımının azalması təkcə Azərbaycana məxsus deyil, bütün dünyada müşahidə olunan qlobal demoqrafik tendensiyadır.
Sosioloq hesab edir ki, bu prosesin əsas səbəbi sosial-iqtisadi amillərdən daha çox cəmiyyətin dəyər sistemində baş verən dəyişikliklərlə bağlıdır: "Aparılan sosial müşahidələr göstərir ki, evliliklərin azalması və ailələrdə uşaq sayının aşağı düşməsi daha çox mənəvi-psixoloji amillərlə bağlıdır. Müasir həyat tərzi, fərdiyyətçiliyin güclənməsi və gənclərin daha çox öz rahatlıqlarını prioritet hesab etməsi bu prosesə ciddi təsir göstərir. İnsanlar açıq şəkildə bildirirlər ki, yalnız özləri üçün yaşamaq istəyirlər və daha çox övlad sahibi olmaq istəmirlər. Maddi imkanları yüksək olan ailələrdə də adətən bir və ya iki uşaq dünyaya gəlir. Bu isə problemin təkcə iqtisadi səbəblərlə izah edilə bilməyəcəyini göstərir”.
Sosioloqun fikrincə, son illər aparılan müxtəlif ideoloji və mədəni təsirlər də ailə modelinin dəyişməsində müəyyən rol oynayıb: "Müasirlik və azadlıq anlayışlarının yanlış təqdim olunması nəticəsində gənclər arasında fərdi maraqlar ön plana çıxıb. Bu isə ailə institutunun zəifləməsinə, əhalinin yaşlanmasına və uzunmüddətli perspektivdə demoqrafik problemlərin dərinləşməsinə səbəb olur. Buna görə də ailə dəyərlərinin təbliği, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi və ailə institutunun möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətdə ən azı iki-üç uşaqdan ibarət ailə modelinin üstünlükləri daha geniş izah edilməlidir. Mənəvi dəyərlərin təşviqi ilə yanaşı, dövlət tərəfindən sosial dəstək mexanizmlərinin də gücləndirilməsi vacibdir. Gənc ailələrin mənzillə təmin olunması üçün güzəştli proqramlar hazırlanmalı, uzunmüddətli və əlverişli kredit imkanları genişləndirilməlidir. Eyni zamanda, gənclərin məşğulluğu və sabit gəlirlə təmin olunması istiqamətində addımlar atılmalıdır. Yalnız ailə dəyərlərinin təbliği ilə dövlətin sosial dəstək siyasəti paralel şəkildə həyata keçirilərsə, demoqrafik vəziyyətin yaxşılaşmasına nail olmaq mümkün olar".