- Ölülərlə, qəbirlərlə şəkil çəkdirib yaymaq mənəvi aşınmadır
- Sosial şəbəkələr meydanını belə foto və videolarla yas, bədbinlik ab-havasına bürümək dinə də ziddir
Son vaxtlar sosial şəbəkələrdə qəbiristanlıqda, məzar daşının qarşısında çəkilən şəkillərə tez-tez rast gəlirik. Bəziləri bunu sadəcə xatirə şəkli kimi paylaşır, bəziləri isə heç bir xüsusi səbəb olmadan görüntüləri sosial şəbəkədə yayımlayır.
Amma bu davranış cəmiyyətdə birmənalı qarşılanmır. Əslində məsələ sadəcə şəkil çəkdirməklə bitmir. İnsanların qəbiristanlığa və məzarlara münasibəti, belə yerlərdə necə davranmalı olduqları da bu məsələnin bir hissəsidir.
Mövzunu Sherg.az-a şərh edən ilahiyyatçı Tural İrfan hesab edir ki, məzarlıqda foto, video çəkmək zəruri ehtiyac olmadığı təqdirdə doğru deyil. Məzarlığın İslamda məhrəm yer sayıldığını vurğulayan ilahiyyatçı bildirib ki, hətta orada namaz qılmaq, Quran oxumaq belə doğru deyil:
“Hər yerin öz əsas təyinatı, xüsusiyyətləri var. Adamların çoxu diqqət axtarır. Şöhrət, tanınmaq, diqqət çəkmək üçün bəzi davranışlar sərgiləyirlər. Sosial şəbəkə alqoritmləri fərqli, qeyri-adi və emosional baxımdan təsirli vizualları önə çıxardığına görə məzarlıqda şəkil paylaşırlar. Məzar daşları ilə şəkil paylaşmaq izləyicilərdə sürətli reaksiya, təəssüf, maraq, şərh doğurduğu üçün bəzi istifadəçilər fərqində olmadan rəqəmsal diqqət qazanmaq naminə bu addımı atırlar. Əvvəllər insanlar kədərlərini daha fərdi və ailə daxilində yaşayırdılar. Müasir dövrdə isə "rəqəmsal yas" anlayışı yaranıb. Ola bilsin bir azdan yas mərasimləri də onlayn keçiriləcək. Məsələn, dəfn mərasimi sosial platforma üzərindən canlı yayınlanacaq və uzaqdakı şəxlər də onlayn iştirak edəcəklər. İnsanlar itirdikləri şəxsə olan sevgilərini və ya öz daxili kədərlərini virtual məkanda bölüşərək təsəlli və dəstək axtarırlar. Bəzi insanlar üçün isə qəbiristanlıqlar ölümün qaçılmazlığını, həyatın müvəqqəti olmasını xatırladan fəlsəfi məkanlardır. Bir növ özləri ibrət alıb başqalarını da buna cəlb edirlər. Onlar bu növ paylaşımlarla həyata fərqli bir baxış bucağı nümayiş etdirməyə çalışırlar. Bu fenomen cəmiyyətdə yekdilliklə qəbul edilmir və əksər hallarda etik normaların pozulması kimi dəyərləndirilir”.
T. İrfan qeyd edib ki, qəbiristanlıqlar sükunət, kədər və hörmət məkanlarıdır. Ora şəkil çəkdirmək üçün bir senari meydançası kimi yanaşmaq, həm rəhmətə gedənlərin ruhuna, həm də onların yaxınlarının hisslərinə qarşı hörmətsizlik kimi də yozula bilir:
“Mənəvi dəyərlərə görə, yas və kədər şəxsi, səmimi duyğulardır. Bu duyğuların kamera qarşısında nümayiş etdirilməsi, pozalar verilməsi vizualın səmimiliyini şübhə altına qoyur və mənəvi aşınma kimi qiymətləndirilir. Bizim mədəniyyətdə qəbiristanlıq ziyarətinin ciddi davranış qaydaları var. Sakit durmaq, dua etmək, təmkinli olmaq əsas ənənələrdəndir. Smartfonların isə bu məkana daxil olması və əyləncə və ya özünügöstərmə alətinə çevrilməsi ənənəvi etik dəyərlərlə kəskin ziddiyyət təşkil edir. Bu davranış əksər hallarda sosial şəbəkələrin yaratdığı "hər anı paylaşmaq" asılılığının mənəvi sərhədləri aşmasının bir nümunəsidir. İnsanların kədəri paylaşmaq istəyi anlaşılan olsa da, bunun forması və məkanı etik çərçivələri aşmamalıdır. Sosial şəbəkələr meydanını belə foto və videolarla yas, bədbinlik ab-havasına bürümək dinə də ziddir. Din ancaq ağlamaq, yas tutmaq, qara bağlamaq deyil. Əksinə din nikbinlik, fərəh, ümid mənbəyidir. Ölülərlə, qəbirlərlə şəkil çəkdirib davamlı yaymaq cəmiyyətin psixoloji vəziyyətində də mənfi elementlərin yaranmasına səbəb olur. Şüuraltı şəkildə insanların beyninə həyatdan küskünlük, ümidsizlik, bədbinlik yeridilir. Hesab edirəm ki, bu mənfi ənənəni tərk etmək lazımdır”.