- “Bu yanaşma həm sosial həssas ailələrin dəstəklənməsinə imkan verir, həm də dövlət büdcəsinə birdəfəlik böyük yük yaratmır"
Azərbaycanda uşaq pulunun bərpası ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. AĞ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, sosial dəstək proqramı mərhələli şəkildə tətbiq olunmalı, ilk növbədə maddi imkanı zəif olan ailələrin, boşanmış və ya ayrılmış valideynlərin övladlarının, valideyn himayəsindən məhrum uşaqların və şəhid ailələrinin uşaqlarının bu yardımdan yararlanması təmin edilməlidir:
“Parlamentdə əyləşən bəzi millət vəkilləri bu məsələnin ciddiyətini azaldıblar. İndi biz "uşaq pulu verilsin" deyəndə, bəziləri çıxıb soruşacaq ki: «Bunu nəyin hesabına versinlər?» . Olimpiya Stadionunu hansı vəsaitlə tikiblərsə, uşaqpulunu da onun hesabına versinlər! Övladlarına aldıqları 300 minlik "Gelandewagen" avtomobillərinin, yaxud da özləri üçün tikdikləri 6 metrlik hündür hasarların vəsaiti hesabına versinlər. Bu qədər hündür hasarlarla kimi kimdən qoruyursunuz? Öz vətəndaşınızdan? Həmin o 6 metrlik hasarlara xərclənən pulları uşaqlara yönəltsinlər. Lazımsız və dəbdəbəli xərclərə ayrılan vəsaitlər sosial dəstək proqramlarına yönəldilsə, bu sahədə ciddi addımlar atmaq mümkündür”.
T. Abbaslı qeyd edib ki, uşaq pulunu heç olmasa simvolik olaraq 100 manatdan başlamaq lazımdır:
“İlk mərhələdə maddi imkanı aşağı olan, valideynlərindən birini itirmiş, boşanmış və ya ayrılmış ailələrin uşaqlarına, şəhid ailələrinə versinlər. Nədənsə başlamaq lazımdır ki, insanlarda bir ümid yaransın. Məsələn, daha sonra bu proqramı uşaq evlərindən çıxan və ya hər iki valideynini itirmiş uşaqlara da şamil etmək olar. Əsas odur ki, prosesə başlanılsın. Heç nə verməmək doğru yanaşma deyil və ciddi sosial problemdir. Nəzərə almaq lazımdır ki, regionlarda 3 uşağı olan bir ailəyə uşaqbaşına 100 manat verilsə, bu, ayda 300 manat edir. Rayon yerində 300 manat ailənin normal yaşaması üçün çox böyük köməkdir”.
Mövzunu şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Sherg.az-a bildirib ki, uşaq pulunun bərpası ilə bağlı mərhələli yanaşma iqtisadi baxımdan birdəfəlik universal ödəniş modelindən daha real və idarəolunan variant hesab oluna bilər. İqtisadçı hesab edir ki, əgər ödənişlər ilk mərhələdə aztəminatlı ailələr, şəhid ailələri, əlilliyi olan şəxslərin ailələri, çoxuşaqlı ailələr və digər həssas sosial qrupları əhatə edərsə, dövlət büdcəsinə düşən yük daha məhdud olar və sosial dəstək daha çox ehtiyacı olan təbəqəyə yönələr:
“Bu yanaşmanın üstünlüyü ondan ibarətdir ki, dövlət həm proqramın maliyyə dayanıqlığını qiymətləndirə, həm də tətbiqin nəticələrini mərhələli şəkildə təhlil edə bilər. Eyni zamanda, sosial yardımın ünvanlı olması büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verir. Lakin belə modelin uğurlu olması üçün həssas qrupların müəyyənləşdirilməsi şəffaf meyarlar əsasında aparılmalı və sosial müdafiə sistemindəki məlumat bazaları mütəmadi yenilənməlidir. Digər tərəfdən, universal uşaq pulu modeli bütün ailələri əhatə etdiyi üçün sosial bərabərlik baxımından üstün hesab olunsa da, onun maliyyələşdirilməsi daha böyük büdcə vəsaiti tələb edir. Bu isə dövlət xərclərinin artmasına səbəb ola və fiskal dayanıqlılıq baxımından əlavə öhdəliklər yarada bilər. Buna görə də belə modelə keçid adətən iqtisadi imkanlar və büdcə gəlirləri nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir”.
A. Nəsirli bildirib ki, hazırkı iqtisadi şəraitdə daha real görünən model məhz ünvanlı və mərhələli tətbiq variantıdır:
“Bu yanaşma həm sosial həssas ailələrin dəstəklənməsinə imkan verir, həm də dövlət büdcəsinə birdəfəlik böyük yük yaratmır. İqtisadi artımın davamlı olması, büdcə gəlirlərinin genişlənməsi və sosial maliyyələşdirmə imkanlarının artması halında isə əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi müzakirə oluna bilər.
Bununla yanaşı, uşaq pulunun təkbaşına demoqrafik və ya sosial problemləri həll edəcəyini gözləmək düzgün olmaz. Daha effektiv nəticə üçün bu mexanizm keyfiyyətli təhsil, səhiyyə, məktəbəqədər təhsil xidmətləri, məşğulluq imkanlarının genişləndirilməsi və ailələrin sosial rifahını artıran digər tədbirlərlə birlikdə həyata keçirildikdə daha yüksək sosial və iqtisadi səmərə verə bilər”.