Hələ ayrılıq vaxtı deyil

 Kənan Novruzov

  Xeyli müddətdən sonra bu gün ilk dəfə metrodan istifadə etdim. Qəribə oldum, nostalji hisslər yaşadım. "Elmlər Akademiyası" stansiyasından çıxıb, doğma Bakı Dövlət Universiteti ilə üz- üzə gələndə mütəəssirliyim daha da artdı.

 Giriş qapısında- mühafizə əməkdaşlarının yanında bir neçə tanış müəllimi görəndə görüşmək üçün onlara yaxınlaşdım. Mühafizə işçiləri içəri keçəcəyimi düşünüb "Qardaş, icazə yoxdur!" xəbərdarlığını edərkən "Kimi, hara qoymursunuz? Mən dörd ildir ki, buradayam" deyə bilmədim. Bilməzdim də. Sadəcə təəssüfləndim. Pul qabımı çıxarıb xeyli vaxtdır günəş üzü görməyən, bir küncdə boynu bükük şəkildə qalan tələbə biletimə baxdım. Həmişə ona arxalandığım, istədiyim vaxt təqdim edərək içəri girdiyim, çölə çıxdığım vəsiqəm çox gücsüz görünürdü. Elə bil, "indi mən də sənə kömək edə bilmərəm" deyirdi. Məyus oldum. Kaş, yenə kiçik şəhərciyi xatırladan həyətə daxil ola, sürətlə iki saylı tədris binasının üçüncü mərtəbəsinə qalxa biləydim. Heç cürə yadımda saxlaya bilmədiyim dərs ardıcıllığını xatırlamaq üçün cədvələ baxar, sonra müvafiq auditoriyaya daxil olaydım. Mühazirə dəftərimi, qələmimi partalardan birinin üstünə qoyar, yenidən dəhlizə çıxaydım. Aşağı kurs tələbələri yaxınlaşıb nələrisə soruşaydılar. Yəqin, aralarında müsahibə, sorğu üçün müraciət edənlər də tapılacaqdı. Bu, bizim fakültənin yazılmamış qanunlarındandır- konkret fənn müəllimləri tələbələrə praktik iş tapşıranda onların ilk güman yeri fakültə yoldaşları olur. Çox başıma gəlib- belə o qədər müsahibələr almışam ki...Elə bir o qədər də suallara cavab vermişəm...

  Sonra dəhlizdə dekan müavinlərinin "auditoriyalara girin" səsləri eşidiləydi, ardınca da zəng vurulaydı. Otağa daxil olan kimi artıq əksər tələbə yoldaşlarımın öz yerlərini tutduqlarını görəydim. Çox keçmədən xalq yazıçı Qılman İlkinin oğlu və layiqli davamçısı Ayaz Musayev gələr, "Salam, uşaqlar" deyib dərsə başlayaydı. Hərdən bir əlindəki qələmi masaya döyəcləyərək diqqətimizi cəlb etməyə çalışaydı. Dərsin sonuna 5-10 dəqiqə qalmış jurnalı yoxlayaydı. Doqquzuncu adamın adı çəkilən kimi cəld ayağa qalxar "Burda!" deyəydim. 

  Müəllimin jurnalı yoxlayıb bitirməsi ilə tənəffüsə işarə edən zəng təxminən eyni vaxtda səslənəydi. Dərhal köhnə adı ilə "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" (Sonradan adı dəyişildi, "Yeni media və kommunikasiya nəzəriyyələri" oldu) kafedrasına gədəydim. Kafedra müdiri professor Cahangir müəllim məni görən kimi "Dədə, gəl" deyəydi. Görüşəydik. Professor dərslərimlə, bizim "Yaradıcı komanda" ilə maraqlanar, tapşırıqlarını verəydi. Digər müəllimlər- Mirakif Babayev, Rəhilə Kəsəmənli, Osman Gündüz, Alxan Bayram oğlu, Gülnarə Sadıqova da burda olaydılar. Esmira xanım- Esmira Rövşənova "Şərq" ya da "525"in iki nüsxəsini mənə uzadaraq "Təbrik edirəm, yazın çıxıb" deyəydi. Elə bu vaxtlarda "Milli mətbuat tarixi" (köhnə adı ilə "Mətbuat tarixi və ideoloji iş") kafedrasının müəllimi Aygün Əzimova içəri girər, məni görüb "Oğlum, necəsən?" deyə soruşaydı...

  Dəvətsiz qonaq kimi qəfil vurulan zənglə auditoriyaya qayıdaydım. Müəllim qaldığın yerdən dərsə davam edəydi. Mühazirəni mümkün qədər ixtisarlarla dəftərimə köçürməyə çalışaydım...

  İlk dərsdən sonra yazım dərc olunan qəzet nömrəsindən bir nüsxəni dekanımız Vüqar müəllimə aparaydım. Çünkü sevinəcəyini bilərdim. Otaqda dekan müavini və həm də müəllimimiz olan Sevinc xanımla rastlaşar, salamlaşar, dekanın kabinetində olub- olmadığın soruşaydım. O da ya "Yanında adam var, birazdan gəl", ya da "keç" cavabı verəydi. 

  Ardınca beşinci mərtəbədəki tədris- teleradio studiyasına qalxaydım. Studiya işçiləri, o cümlədən studiya müdiri Ramin Rzayev pavilyonda çəkilişdə olaydılar. Ramin müəllimlə növbəti verilişimizin nə vaxt çəkiləcəyini müəyyənləşdirib geri qayıdaydım. Bir də baxaydım ki, "Multimedia və elektron kommunikasiya" kafedrasının müdiri professor Allahverdi Məmmədli qapının ağzındadır- tələbələrin hamısının gəlməsini gözləyir ki, dərsə başlaya bilsin. Mühazirə həmişəki kimi maraqlı keçəydi. KİV-in hüquqi tənzimlənməsindən, qanunlardan danışaydıq.
  
 Allahverdi müəllimin  seminar üçün mövzu tapşırdığı ədəbiyyatları əldə etmək məqsədilə növbəti tənəffüsdə qəzet laboratoriyasına gedəydim. Fakültəmizin qocamam müəllimlərindən professor Akif Rüstəmovla , dosent Mahmud Mahmudovla və digərləri ilə salamlaşaydım. Mahmud müəllim yenə dilin saflığının pozulmasından gileylənər, Akif müəllim sevimli qəzetlərini vərəqləyib, həmkarları ilə gündəmi müzakirə edəydi. 

 Laboratoriya müdiri Afaq xanıma yaxınlaşıb konkret dərs vəsaitinin adını deyəydim. O da bir az düşünə, rəfdən kitabı çıxarıb verə və təbəssümlə əlavə edəydi: "Amma qaytarmaq şərti ilə". 

 Laboratoriyadan çıxanda müəllimlərimiz Əli Hacıyevlə Zaur Babayevin dəhlizin o başından nəyisə müzakirə edə- edə mənə tərəf gəldiklərini görəydim...

  Allahverdi müəllimin dərsi bayaqkı dinamikliyi ilə davam edəydi. Professorun gümrah səs tonu heç birmizin diqqətimizin yayınmasına icazə verməyəydi. 

 Qəfil dekan müavini, hamımızın sevimlisi Könül xanım içəri girə və sabah qonağımızın olacağını deyəydi. Tez- tez görməyə öyrəşdiyimiz, özümüzə müəllim bildiyimiz, həmişə qayğı və diqqətini üzərimizdə hiss etdiyimiz baş redaktorlardan biri mühazirə oxumağa gələcək.

  Allahverdi müəllimin dərsi o qədər maraqlı keçəydi ki, 45 dəqiqə necə gəldi, necə keçdi bilməyək. 

  Sonra professor Sabir Məmmədlinin dərsi başlayaydı. Dərsdən sonra kafedraya gedib sərbəst işlərə cavab verəndə burada professor Nəsir Əhmədlini, dosent Pərvanə İbrahimovanı görəydik...

  Dərsdən sonra fakültədən çıxmamaq üçün min bir bəhanə axtaraydım. Dekanlığa gedib Könül xanımla "Jurnalist" qəzetinin növbəti nömrəsi haqqında müzakirələr aparaydım. O da səbrlə bütün dediklərimi dinləyib təbəssümlə əlavə edəydi: "Nə vaxt istəsəz, növbəti nömrəni çıxaraq".

  Elmi tədqiqat laboratoriyasına baş çəkəydim. Buranın gənc əməkdaşları- müəllimlərim- Samir Xalid oğlu, Güney Firidunbəyova, Aytəkin Zeynalova, Günel İsgəndər və başqalarının gərgin işlədiklərinin şahidi olaydım. 

  ETL-dən çıxanda Milli Mətbuat tarixi kafedrasındakı söhbətləri eşidəydim. Professor Nəsiman Yaqublu, dosent Qərənfil Dünyəmin qızı, dosent Məhəmmədismayıl Mehdiyev, dosent Aygün Əzimova tarixi faktları müzakirə edəydilər. 

 Yavaş- yavaş fakültədən çıxmağa hazırlaşanda auditoriyaların birindən gələn səsləri eşidib ayaq saxlayaydım. Professor Həmid Vəliyev tələbələrə izah edəydi: "Dünyada ilk jurnalistika təhsili...".

 Pilləkənlərlə aşağı düşəndə ingilis bölməsində oxuyan tələbələrə dərs deyən Anzulə Pərviz qızı ilə rastlaşaydım. Nəzakətlə müəlliməyə salam verib yoluma davam edə, bir stəkan kofe içmək üçün bufetə düşəydim. Sosial elmlər və psixologiya fakültəsində oxuyan bir tələbə yoldaşımızla təsadüfən qarşılaşa, sadəcə uzaqdan salamlaşmaqla kifayətlənəydik...

***
... Bütün bunları istəmək, amma bacarmamaq insana ağır gəlir. Elə bil, əllərini arxadan bağlayıb, bir stəkan suyu da qoyublar qabağına ki, içəsən... Fəqət mənim təsəllim də var- nəyin necə olmasından asılı olmayaraq bir çox müəllimlərimlə ünsiyyətimin hələ uzun müddət, bəlkə də, əbədi davam edəcəyinə, bu ailənin üzvlərindən biri kimi qalacağıma inanıram. Doğma universitetimin həyətinə daxil ola bilməyib, üzü yuxarı- "Azərbaycan" nəşriyyatına doğru da bu düşüncələrlə addımladım. Qəfil yadıma sevimli müəllimlərimizdən birinin iki- üç gün əvvəl, ad günüm münasibətilə zəng edərkən dedikləri düşdü: "Ümid edirəm, dostluğumuz əbədi olar...". Və həmin an üzümə təbəssüm qondu-hələ ayrılıq vaxtı deyil.