Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Cəmiyyətin mənəvi dəyərlərinin formalaşmasında dini mərasimlərin xüsusi yeri var. Tarix boyu insanlar dini ayinlər vasitəsilə həm öz inanclarını yaşadıb, həm də mənəvi birlik nümayiş etdiriblər. Azərbaycanda da Məhərrəm ayı və xüsusilə Aşura günü dini-mənəvi baxımdan böyük önəm daşıyır. Kərbəla hadisəsinin anılması, Hz. İmam Hüseynin və onun silahdaşlarının faciəsinin yad edilməsi insanlar üçün həm dini, həm də mənəvi mesajlar daşıyır.
Qeyd edək ki, bu il Aşura günü iyunun 25-nə təsadüf edib. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbuledilməzdir.
Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, qazılar və imamlar AR “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirməlidir.
Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyil.
Hər il olduğu kimi, bu il də qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında qanvermə aksiyası keçiriləcək. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq. Xatırladaq ki, Məhərrəm ayı iyun ayının 16-dan başlayıb.
İlahiyyatçı Tural İrfan Sherg.az-a bildirib ki, Aşura günü İslam tarixində və müsəlmanların mənəvi yaddaşında xüsusi yer tutan günlərdən biridir. Bu günlə bağlı zamanla müxtəlif ənənələr, emosional yanaşmalar və hətta dinin ruhuna uyğun olmayan davranışlar da formalaşdığını vurğulayan ilahiyyatçı bildirib ki, bu səbəbdən Aşura gününün əhəmiyyətini Qurani Kərim, Peyğəmbər sünnəsi və İslam alimlərinin mövqeyi əsasında düzgün anlamaq vacibdir: “Aşura günü İslam tarixində İmam Hüseynin şəhadəti ilə əlaqəli mühüm bir gündür və bu günün əsas məqsədi xatirənin yad edilməsi, ibrət alınması və humanitar dəyərlərin gücləndirilməsidir. Aşura günü İmam Hüseynin şəhadətə yetdiyi gündür. Onu və Vətən yolunda canından keçmiş şəhidlərimizi yad etmək, dualar oxumaq, ehsanlar vermək yaxşıdır. Bu gün keçiriməsi vacib olan xüsusi bir dini ehkam, əmr yoxdur. Ən münasib olan qan vermək, ehtiyacı olanlara əl tutmaq, yardım etməkdir. Mümkün qədər xurafat və mövhumata uymamaq lazımdır. Şəhidlərə hörmət və ehtiramı İslam dininin tələblərinə uyğun göstərmək önəmlidir".
İlahiyyatçı həmçinin bəzi ənənələrin dini əsasının olmadığını vurğulayıb və fiziki özünə zərər verən davranışlara qarşı çıxıb: "Zəncir vurmaq, sinə döymək, ümumiyyətlə özünü vurmaq yaxud süni şəkildə insanları ağlamağa məcbur etmək Qurana ziddir. Aşura günü Həzrət Hüseynin cənnət məqamına qədəm qoyduğu gündür. Gərək bu xatirə günü ona layiq şəkildə qeyd edilsin. Hadisənin motivləri olduğu kimi, təhrif olunmadan, günümüzün reallığına uyğun olaraq nəql edilməli, cəmiyyətə çatdırılmalıdır. Bu günlə əlaqələndirilən “sabun istifadə etməmək”, “çimməmək” və “saça xına qoymamaq” kimi düşüncələrin İslamla heç bir əlaqəsi yoxdur. Aşura günü ehsan vermək, yardım aksiyaları təşkil etmək və xüsusilə qanvermə kimi humanitar təşəbbüslər daha məqsədəuyğundur. İnsanlara su paylanılması, ehsan verilməsi çox gözəl işdir və İmam Hüseynin əxlaqına uyğundur. İmam Hüseyn insanlığa nicat vermək üçün şəhid olubsa, biz də mümkün olan bütün humanitar addımları atmalı, insanlara maddi və mənəvi dəstək olmalıyıq".
T. İrfan Azərbaycanda artıq ənənəyə çevrilmiş qanvermə aksiyalarını da yüksək qiymətləndirib və bu təşəbbüsün daha da genişləndirilməsini təklif edib: "Bu aksiyalar təkcə Aşura günü ilə məhdudlaşmamalıdır, bütün Məhərrəm ayı boyunca davam etməlidir. İnsanların bir gündə toplanıb qan verməsi hər zaman mümkün olmur. Buna görə də məscidlərdə və digər uyğun məkanlarda müxtəlif günlərdə qanvermə aksiyaları təşkil oluna bilər. Aşura mərasimlərinin əsas məqsədi xeyirxahlıq, maarifləndirmə və insanlara yardım olmalıdır. Dini məclislərdə xurafatdan uzaq durulmalı, daha çox elm, maarif və sosial fayda ön plana çıxarılmalıdır".
Məlumat üçün bildirək ki, son illər cəmiyyətdə daha çox müzakirə olunan məsələlərdən biri də azyaşlı uşaqların Aşura mərasimlərinə cəlb olunmasıdır. Mövzunun həssaslığını nəzərə alan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli azyaşlı uşaqların Aşura mərasimlərinə cəlb edilməsinin yaratdığı narahatlıq haqqında fikirlərini açıqlayıb. Məhərrəm ayı və Kərbəla hadisəsinin İslamın mənəvi dəyərlərini – ədaləti, fədakarlığı, simvolizə etdiyini xatırladan Z. İbrahimli bildirib ki, Məhərrəm ayı və Aşura günü münasibətilə keçirilən mərasimlərdə insanlar Kərbəla hadisəsini xatırlayır, imam Hüseynin və onun silahdaşlarının çəkdiyi əzabları anırlar: “Azərbaycan müsəlman dövləti kimi İslam aləminin ən sivil, inkişaf etmiş və tolerant dəyərlərin yüksək səviyyədə qorunduğu ölkələrdən biridir. Məhərrəm ayı və Aşura günü münasibətilə ayinlərin təşkili ilə əlaqədar dini etiqad azadlığı, inanca hörmət baxımından heç bir məhdudiyyət yoxdur. Lakin hər il veirlən tövsiyyələrə və xəbərdarlıqlara baxmayaraq yenə, bəzi valideynlərin azyaşlı uşaqları da bu mərasimlərə aparması, hətta onların ayinlərdə iştirak etməsi müşahidə olunur. Nüfuzlu din xadimlərimizin alimlərimizin, dövlət orqanlarının xəbərdarlığına baxmayaraq yenə Aşura günü münasibətilə keçirilən mərasimlərinə azyaşlı uşaqların cəlb edilməsi narahatlıq yaratmaya bilməz. Uşaqların dünyagörüşü və psixikası hələ tam formalaşmadığından onlar gördükləri hadisələri, əzadarlıq, sinəvurma və s. böyüklər kimi dəyərləndirə bilmirlər. Aşura mərasimləri və digər emosional görüntülər, tam dərk edə bilmədikləri üçün uşaqlarda fərqli izlər buraxa bilər. Əlbəttə dini dəyərlərin uşaqlara aşılanması ailələrin təbii hüququdur. Lakin bu proses onların yaş xüsusiyyətləri nəzərə alınaraq həyata keçirilməlidir. Uşaqların psixoloji və emosional inkişafı xüsusiyyətləri nəzərə alınmalıdır. Valideynlər, ailələr bu məsələlərdə məsuliyyətli davranmalıdırlar".