Qurban bayramı həm də həmrəyliyi və insan sevgisini gücləndirən mənəvi bir vasitədir - İlahiyyatçı

"Yaxşı olar ki bu mübarək gündə ailə üzvlərimizi sevindirdiyimiz kimi, hətta ondan da artıq ehtiyaclı insanları, şəhid ailələrini, qaziləri yad edib onları sevindirək" 

“Qurban bayramının əsas fəlsəfəsi qan tökmək və ya sadəcə ət əldə etmək deyil. Əsl məqsəd Allaha itaət, yaxınlıq, paylaşma, mərhəmət və cəmiyyətdə sosial bərabərliyin təmin edilməsidir”.

Bu fikri “Sherg.az”a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli səsləndirdi. A.Hacıbəyli qeyd etdi ki, isam dünyasının qeyd etməyə hazırlaşdığı mübarək Qurban bayramı özündə bir sıra fəlsəfi və əməli məqamlar daşıyır: 

- Bunlar ilk növbədə təqva və səmimiyyətdir. Qurbanlığın mahiyyəti Qurani-Kərimdə qeyd olunan prinsiplərə əsaslanır. Quran-Kərim vasitəsiylə Allah-təala buyurur ki, Ona - Allaha çatan heyvanın əti və ya qanı deyil, insanın ibadətdəki səmimiyyəti, ixlası və təqvasıdır. Digər prinsiplər yardımlaşma və sosial ədalətdir. Qurbanlıq ət şəriətə uyğun olaraq üç hissəyə bölünməlidir: bir hissəsi ailəyə, bir hissəsi qonşulara, qalan hissəsi isə aylarla evinə ət girməyən imkansız və aztəminatlı şəxslərə, fəqirlərə verilməlidir. Ətin daha çox imkanlı insanlara paylanması və ya ümumiyyətlə paylanmaması doğru deyil. Qurbanlıq heyvana mərhəmət əsas prinsiplərdən biridir. İnsan qurbanlığın ən gözəl, sağlam, qüsursuz heyvan seçməlidir. Heyvana əziyyət verilməməli, məsələn, bıçaq onun gözü qarşısında itilənməməlidir. Qurbanlıq heyvanın kəsilməsi qaydası Qurani-Kərimdə dəqiq qeyd olunub. Bunu şəriəti bilənlərdən, bu sahədə təcrübəsi olanlardan da öyrənmək olar. Yaxşı olar ki, qurbanlıq heyvanın kəsilməsi naşı adamlara deyil, təcrübəli şəxslərə həvalə edilsin və ən əsası da Allahın adıyla kəsilsin. İbadətin şərti həm də budur ki, borcu və zəruri xərcləri olan şəxslərin borclanaraq qurban kəsməsi dinən tələb olunmur. Qurban kəsmək borcu olmayan, nisab miqdarına - maddi imkana sahib olan müsəlmanlara vacib sayılır. Qurbanlığın kəsilməsi ibadəti mütləq bayram namazından sonra başlanmalıdır. Namazdan əvvəl kəsilən heyvan adi ət kəsimi hesab olunur. Qurban bayramı həm də cəmiyyətdə küsənləri barışdıran, həmrəyliyi və insan sevgisini gücləndirən mənəvi bir vasitədir. Yaxşı olar ki bu mübarək gündə ailə üzvlərimizi sevindirdiyimiz kimi, hətta ondan da artıq ehtiyaclı insanları, şəhid ailələrini, qaziləri yad edib onları sevindirək.