- Belə davranışlar geniş yayildıqca insanlarda onları təkrarlamaq meyli yaranır
- Sosial şəbəkə əslində bir güzgüdür. Kim necədir, hansı mədəniyyətə, hansı tərbiyəyə malikdir, orada görünür
İctimai etikanı pozaraq, yazılmamış qanunları - mədəni etik qaydalara uyğun olmayan hərəkətlər edənlər necə bir psixologiyaya sahibdir? Son 10-15 ilin trendlərinə baxdıqda, əksərən qeyri-adi, etik normaları aşan davranışların sosial mediada daha çox yayıldığını və daha çox baxış qazandığını görürük. Məsələn, birisi magistral yolda avtomobilin üzərinə çıxıb uzanır. 
Hərəkət dayanır. Bir digəri işıqforun qırmızı işığında avtomobildən enir və rəqs etməyə başlayır. Başqa birisi qəsdən yol-hərəkəti qaydalarını pozur, “ziq-zaq” edir, musiqini gur səsləndirir, başqası diqqət çəkəcəyinə əmin olduğu geyimdə marketə alış-verişə gedir və sair. Bu insanlarda çatışmayan cəhət nədir? Belələrinə el arasında “gicbəsər” deyirlər. Elmi dildə necədir, psixoloqdan soruşduq.
Psixoloq Fərqanə Mehmanqızı Sherg.az-a açıqlamasında qeyd etdi ki, psixologiyada və psixatriyada bu cür davranışlar, onların xüsusiyyətlərindən və dərəcəsindən asılı olaraq bir neçə fərqli terminlə ifadə olunur. Deviant davranış - yoldan çıxmış, meylli davranışdır. Bu, cəmiyyətdə qəbul olunmuş mənəvi, hüquqi və etik normalara uyğun gəlməyən davranış modelidir. Bu, adi qayda pozuntularından tutmuş cinayətə qədər geniş bir spektri əhatə edir. Antisosial şəxsiyyət pozuntusu var ki, bu da başqalarının hüquqlarına, cəmiyyətin etik və hüquqi normalarına qarşı davamlı sayqısızlıq və laqeydlik ilə xarakterizə olunan psixoloji vəziyyətdir. Gündəlik dildə bu insanlara çox vaxt sosiopat və ya psixopat da deyilir. Bundan başqa delinkvent davranış, psixopatologiya da var, bunlar artıq daha ağır nəticələrə, hətta cinayətlərə gətirib çıxaran davranışlardır. İnsan cəmiyyətin, əksəriyyətin qəbul etdiyi etik davranışlardan kənara çıxırsa, bu, deviant davranışdır və ya xalq arasında deyildiyi kimi psixopatdır:
- Ümumi ictimai qaydalardan kənar, qeyri-etik davranşlar sərgiləyib, bunu da görüntüyə alıb sosial şəbəkədə paylaşanlar daxili mənəvi boşluqdan əziyət çəkən, özünü ətrafdakılara nümayiş etdirmək, “mən də varam” göstərmək istəyən insanlardır. Hansı ki, bəlkə də real həyarda ciddi bir uğura imza atmayıblar, nailiyyət əldə etməyiblər, özlərini təsdiq edəcək bir şeyləri yoxdur. Sosial şəbəkə əslində bir güzgüdür. Kim necədir, hansı mədəniyyətə, hansı tərbiyəyə malikdir, orada görünür. Mənəvi boşluq içində olanlar daxili boşluqlarını, mənəvi aşınmalarını gizlətmək üçün hər cür qeyri-adi və qeyri-etik üsula əl atır və bunu sosial mediada nümayiş etdirirlər. Anormal davranışları əsk etdirən qeyd etdiyiniz həmin paylaşımlar insanların daxilindəki boşluğu üzə çıxarır. Amma fəqində deyillər ki nəinki qınaq, hətta gülüş obyektinə çevrilirlər. Bu cür yollarla diqqət cəlb etməyə çalışanlar cəmiyyətdə yerini tapmayan, özünü təsdiq etməmiş insanlardır. Məhz onlar standartlardan kənar hərəkətlərə üstünlük verirlər və bununla özlərini guya “azad ruhlu” təqdim etməyə, özlərini başqalarından fərqli “seçilmiş” göstərməyə çalışırlar. Reallıqda isə özünü itirib tapmayanlardır.
F.Mehmanqızı qeyd etdi ki, qeyri-etik, standartlardan kənar davranışların ictimailəşdirilməsi zərərlidir. Belə davranışlar geniş yayildıqca insanlarda onları təkrarlamaq meyli yaranır, bu isə zərərlidir:
- İnsan psixologiyası nəyi çox görürsə, ona uyğunlaşır. İstisnalar nümunə ola bilməz. Qeyri-etik hərəkətlər qınanmalıdır, birmənalı şəkidlə, diqqət mərkəzinə gətirilməməlidir. Bəzi aktiv sosial plaformalar var ki çox izlənilir. Bu haqda danışıldıqda, insanlarda bu davranışları təkrarlamaq istəyi yaranır. Mənfi davranışlar haqqında çox danışıldıqda təhtəlşüura təsir edir. Bir fikir, mövqe, davranış, hər hansı əşya... dəfələrlə göstərildikdə, təkrarlandıqda, adiləşir, beyin bunu adi, normal qəbul edir. Və bu kütləvi xarakter almağa başlayır. Ona görə də təhlükəlidir. Odur ki belə davranışlar nümayiş etdirilməməli, yayılmamalıdır.