Arzu Nağıyev: Azərbaycan strateji əhəmiyyətli dövlət kimi Gürcüstanla mühüm addımlar atır

Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının açılışında deyib.
Baş nazirin sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
“Hörmətli baş nazir, Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən müddət ərzində strateji tərəfdaşlığımız keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu əməkdaşlıq bütün mühüm sahələri əhatə edir və 140-a yaxın sənəd daxil olmaqla geniş hüquqi bazaya malikdir.
Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik. Çətin anlarda hər zaman bir-birimizin yanındayıq. Bu ənənə bu gün də davam edir. Mən xüsusilə ərazi bütövlüyü mövzusunda qarşılıqlı dəstəyi qeyd etmək istərdim. İqtisadi-ticari əməkdaşlığımız həmişə çox vacibdir. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Düzdür, ötən il ticarət dövriyyəmiz bir qədər azalıb, amma əminəm ki, bu müvəqqəti xarakter daşıyır. Biz iqtisadi potensialı tam reallaşdırmaq üçün lazımi addımları atmalıyıq. Bu məsələ şübhəsiz ki, diqqət mərkəzində olacaq”, - deyə Əli Əsədov bildirib.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri "Sherg.az"a bildirib ki, Azərbaycan və Gürcüstan arasında olan müzakirələrdə parlament seçkilərinin uğurla keçməsi, yeni hökumətin formalaşdırılması və bundan doğan təzahürlər nəzərdə tutulur:

"Məlumdur ki, iki ölkə arasında həm təhlükəsizlik, həm iqtisadi, həm də siyasi, regional məsələlər və hərbi təlimlərin keçirilməsi gündəlikdə duran aktual mövzular olacaq. Həmçinin tərəfdaşlıq münasibətlərindən ən mühüm məsələ ondan ibarətdir ki, hökumətlərarası və parlamentlərarası əməkdaşlıq strateji əməkdaşlığın töhfəsidir. Beynəlxalq və regional formatlarda ölkələrin bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət və təqdirəlayiq faydalar mühüm məsələdir. Regional əməkdaşlıqla əldə edilmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub qaz dəhlizi kimi irimiqyaslı layihələr bir daha müzakirə olunacaq. Coğrafiya və iqtisadi inkişaf və sosial rifahın yüksəlməsi əhəmiyyətli rol oynayacaq. Bundan başqa Gürcüstan ərazisindəki azərbaycanlıların yaşadığı 5 rayonla bağlı danışıqlar aparılmalıdır. Energetika və kommunikasiya sahələrində konkret layihələr üzrə əməl addımlar atılması qlobal səviyyədə müzakirəsi olacaq".

Deputat əlavə edib ki, hərtərəfli görüşdə Azərbaycanın strateji əhəmiyyətli dövlət kimi Gürcüstanla mühüm addımlar atması bir daha öz təsdiqini tapır:
"Bununla belə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində Gürcüstanın səyləri, regional əməkdaşlıqda müvafiq addımların atılması, Ermənistanın sürətli silahlanmasının qarşısını almaq, revanşizm meyillərinin sülh prosesinə zərbə vurması kimi mövzular da mühüm və vacibdir. Ümumiyyətlə qarşılıqlı maraq doğuran bütün ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq".