Səs-küy yaradır, sərt danışır, lakin sistemin özünə toxunmur
Qarabağdakı qondarma rejimin keçmiş “müdafiə naziri” olmuş Samvel Babayan son açıqlamasında Qarabağ məsələsinin guya “bağlanmadığını” iddia edərək, Ermənistan hakimiyyətini tənqid edib. Babayan Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq hüquqa əsaslanan reallıqları faktiki olaraq inkar edir, Qarabağdan köçmüş ermənilərin geri qayıdışı mövzusunu isə siyasi manipulyasiya predmetinə çevirir.
Araşdırmaçı-jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, Samvel Babayanın siyasi bioqrafiyası Ermənistan daxilindəki güc münasibətlərini anlamaq baxımından kifayət qədər maraqlıdır. Çünki söhbət sıradan bir erməni siyasətçisindən deyil, Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak etmiş, Qarabağdakı qondarma rejimin keçmiş “müdafiə naziri” olmuş Samvel Babayandan gedir:

“Bir müddət Rusiyada yaşayan Babayan Ermənistana qayıtdıqdan sonra Serj Sarkisyan hakimiyyəti dövründə həbs edilmişdi. Lakin 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişindən dərhal sonra Babayan azadlığa buraxıldı. Bu faktın özü artıq Paşinyan–Babayan münasibətlərinin təsadüfi olmadığını göstərirdi. Çox keçmədən Qarabağda separatçı rejimin növbəti “prezident seçkiləri”nə start verildi. Məhz həmin dövrdə maraqlı bir epizod yaşandı: səhhətində problemlər yaranan Samvel Babayan müalicə aldığı xəstəxanada Nikol Paşinyanla eyni məkanda görüntüləndi. Rəsmi açıqlamaya görə, Paşinyan sadəcə check-up müayinəsindən keçirdi. Lakin sonrakı siyasi proseslər bu “təsadüfün” arxasında daha ciddi planların dayandığını göstərdi.Müalicəsini başa vuran Babayan seçkilərin getdiyi Qarabağa qayıtdı. Bir çoxları onun özü namizəd olacağını gözləyirdi. Ancaq o, bu addımı atmadı və namizədlərdən birinin vəkili kimi prosesə qoşuldu. Maraqlıdır ki, Babayan nə Qarabağın işğalında onunla çiyin-çiyinə dayanmış Vitali Balasanyanı, nə də radikal xətti ilə tanınan Hayk Xanumyanı dəstəklədi. Əksinə, beynəlxalq diplomatik mühitdə nisbətən tanınan Masis Mailyanın namizədliyini irəli çəkdi. Bu seçim təsadüfi deyildi. Əsas məqsəd Qarabağda yüksək reytinqə malik Vitali Balasanyanın elektoratını parçalamaq idi. Nəticə də bunu göstərdi: seçkilərin yekununda birinci Araik Arutunyan, ikinci Masis Mailyan, üçüncü isə Vitali Balasanyan oldu. Beləliklə, Balasanyan faktiki olaraq siyasi oyundan kənarda qaldı. Xüsusilə də seçki qərargahının qarşısına Robert Köçəryanın şəklini vurması onun uduzmasının əsas səbəblərindən biri oldu”.
A. Quliyev qeyd edib ki, 2016-cı ildəki aprel döyüşlərindən sonra Qarabağdakı ermənilərin “inamını bərpa etmək” məqsədilə məhz Vitali Balasanyan qondarma rejimin Təhlükəsizlik Şurasının katibi təyin edilmişdi və kifayət qədər yüksək reytinqə malik idi. Lakin Paşinyan bu potensial təhlükəni zamanında neytrallaşdırmağı bacardı:
“Araik Arutunyan “seçkiləri” qazandıqdan sonra Samvel Babayan Təhlükəsizlik Şurasının katibi postuna gətirildi. Ardınca 44 günlük müharibə baş verdi. Müharibə zamanı Babayan faktiki olaraq siyasi səhnədən yoxa çıxdı, Balasanyan isə yenidən təhlükəsizlik strukturuna qaytarıldı. Sonrakı mərhələdə antiterror tədbirləri həyata keçirildi və Qarabağdakı erməni əhalisi bölgəni tərk etdi. Beləliklə, separatçı siyasi fiqurların hamısı tarixin arxivinə çevrildi. Son iki ildə isə Nikol Paşinyan Ermənistanda siyasi meydanı tam şəkildə təmizləməkdədir. Potensial rəqiblər ya həbs olunur, ya siyasi fəaliyyəti məhdudlaşdırılır, ya da ictimai təsirdən məhrum edilir. Qərb dairələri bu proseslərə göz yumur, çünki onlar üçün əsas prioritet Paşinyanın hakimiyyətdə qalmasıdır. Ancaq bu siyasət uzunmüddətli ola bilməz. Tam alternativsiz mühit Paşinyanın “demokratik lider” imicinə ciddi zərbə vurur. Məhz bu səbəbdən cəmiyyətə “sərt müxalifət” görüntüsü lazımdır. Bu rolu oynamaq üçün isə ən uyğun fiqur elə Samvel Babayandır. O nə real təhlükə yaradan, nə də kütləni arxasınca aparmaq gücünə malik olan, amma mediada tənqidçi kimi təqdim edilə bilən bir simadır. Bu mənada Samvel Babayan Paşinyanın “avtobus müxalifəti”nin klassik nümunəsidir: səs-küy yaradır, sərt danışır, lakin sistemin özünə toxunmur”.