ABŞ Orta Asiyanı yeni strateji cəbhə kimi seçib
ABŞ Prezidenti Donald Tramp 6 noyabrda Vaşinqtonda Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə sammit keçirib. Sammitdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın dövlət başçıları iştirak ediblər. Görüş zamanı ticarət, diplomatik münasibətlər və mineral resurslar sahəsində bir sıra mühüm saziş və razılaşmalar imzalanıb. ABŞ və Qazaxıstan dünyada ən iri işlənməmiş volfram yataqlarından birinin birgə istismarı barədə yeni tərəfdaşlıq elan ediblər. Məlumata görə, "Cove Kaz Capital Group" adlı Amerika şirkəti Qazaxıstanın dövlət mədən sənayesi holdinqi ilə yaradılacaq birgə müəssisədə 70 faiz paya sahib olacaq. Razılaşmanın dəyəri 1,1 milyard dollar məbləğində qiymətləndirilir. Sammitin digər nəticələri sırasında Qazaxıstan, Tacikistan və Özbəkistan milli aviaşirkətlərinə 37 ədəd “Boeing” təyyarəsinin satışı ilə bağlı ilkin razılaşma, həmçinin İlon Maskın “Starlink” peyk interneti xidmətlərinin “Veon” telekommunikasiya şəbəkəsinə inteqrasiyası barədə saziş də yer alıb. Bu inteqrasiya ilkin mərhələdə Qazaxıstandakı “Beeline” operatoru vasitəsilə həyata keçiriləcək. ABŞ rəsmiləri bəyan ediblər ki, bu sammit Mərkəzi Asiya ilə daha fəal əməkdaşlığa sadiqliyi nümayiş etdirmək məqsədi daşıyır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Astanada və Vaşinqtonda mineral resurslar, energetika və nəqliyyat sahəsində ümumilikdə 17 milyard dollarlıq sazişlər imzalanıb. Tokayev həmçinin diplomatik sahədə Qazaxıstanın ABŞ-nin təşəbbüsü ilə yaradılmış “İbrahim sazişləri” prosesinə qoşulmağa hazır olduğunu qeyd edib. ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ xüsusilə nadir torpaq elementlərinin və strateji mineralların hasilatı sahəsində əməkdaşlıqda maraqlıdır. Vaşinqton həmçinin regiondakı uran, mis, qızıl və digər mühüm resurs yataqlarına da maraq göstərir. Bu mineralların hasilatı qlobal səviyyədə yaşıl enerji keçidi səyləri üçün həyati əhəmiyyət daşıyır. Ekspertlərin fikrincə, Mərkəzi Asiya ölkələri hazırda Çin və Rusiyanın iqtisadi və təhlükəsizlik sahəsindəki dominant təsirini balanslaşdırmaq məqsədilə ABŞ ilə əlaqələri dərinləşdirməyə çalışır.
Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Donald Tramp Avstraliya, Malayziya, Tailand və Yaponiya ilə strateji mineral ehtiyatlarla bağlı sazişlər əldə etdikdən sonra diqqətini Orta Asiyaya yönəldib. Ekspert qeyd edib ki, Vaşinqtondakı müzakirələrin əsas mövzusu ABŞ-nin Mərkəzi Asiyanın mineral ehtiyatlarına çıxış imkanları olub:

"Hazırda bu sahədə regionda əsasən iki oyunçu - Çin və Rusiya var. Buna baxmayaraq, Vaşinqton rəqabətdə geri qalmaq istəmir. Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında saziş imzalanıb. Özbəkistanın yaxın üç ildə ABŞ iqtisadiyyatına yatıracağı investisiyaların həcmi 35 milyard dollar təşkil edəcək. Gələcək onillikdə bu rəqəmin 100 milyard dolları keçəcəyi açıqlanıb. Saziş aviasiya, kənd təsərrüfatı və informasiya texnologiyaları sektorlarını əhatə edir. ABŞ Qazaxıstan uranının nəqlinə də maraq göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda elan edib ki, ölkəsi "İbrahim sazişi"nə qoşulur. Vaşinqtonun hazırladığı saziş müxtəlif müsəlman ölkələrinin İsraillə tərəfdaşlıq münasibətlərini gücləndirməsini nəzərdə tutur. Bu, Trampın xarici siyasətdə növbəti uğuru sayıla bilər. Vaşinqtondakı görüşdə Mərkəzi Asiyadan keçən “Orta dəhliz”in perspektivi də müzakirə olunub. Mərkəzi Asiya neft və qaz ehtiyatları ilə yanaşı, nadir torpaq metalları ilə də zəngindir. ABŞ üçün bu resursları nəql etmək strateji əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Çin nadir torpaq metalları ixracına məhdudiyyətlər qoyduqdan sonra ABŞ-Çin münasibətlərində yeni gərginlik yaranıb. Hazırda Çin bu bazarın 70 faizini hasilat, 90 faizini emal, 93 faizini isə maqnit istehsalında idarə edir. Öz növbəsində Mərkəzi Asiya ölkələri nadir torpaq metallarını ABŞ-yə nəql etməyə hazırdılar".
Analitik bildirib ki, Vaşinqton eyni zamanda Orta Asiyadakı böyük volfram yataqlarına da maraq göstərir:
"Qazaxıstan prezidenti isə bu metalları “yeni neft” adlandırıb. Qazaxıstan 20 milyon tondan çox yeni nadir torpaq ehtiyatı aşkar etdiyini açıqlayıb. Mərkəzi Asiya ölkələri Vaşinqtonla siyasi və iqtisadi əlaqələri gücləndirməklə Çin və Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağı planlaşdırırlar. Vaşinqton Mərkəzi Asiya ölkələri ilə 5+1 formatını 2015-ci ildə təsis edib. Ancaq Vaşinqton bu illərdə 5+1 formatı çərçivəsində hədəflərini tam müəyyənləşdirməmişdi. Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra bu formatı gücləndirməyə qərar verib. Bunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana da faydası olacaq. Vaşinqtonun Mərkəzi Asiyadan idxal etməyi planlaşdırdığı məhsullar məhz Azərbaycan üzərindən nəql olunacaq. Buna görə də Tramp administrasiyası üçün 5+1 formatında görüşdən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişini paraflamaq və “Tramp yolu”nun anonsunu elan etmək vacib idi. Avropa İttifaqı da Mərkəzi Asiyanın resurslarından faydalanmağa çalışır. Təsadüfi deyil ki, son illərdə Avropa İttifaqı rəsmilərinin və birliyə daxil olan ölkə liderlərinin Mərkəzi Asiya dövlətlərinə səfərləri artıb".