“Köçəryan artıq "vurulmuş kartdır" - Zərdüşt Əlizadə Paşinyanın planını AÇDI

  • “Paşinyan bunu Moskva ilə bazarlıq üçün edir”

Ermənistanda sabiq prezident Robert Köçəryan və ailəsi ətrafında yeni hüquqi proses başlayıb. Korrupsiyaya qarşı Mübarizə Komitəsinin araşdırdığı cinayət işi çərçivəsində Köçəryan və böyük oğlu Sedrak Köçəryan saxlanılıb, ailənin digər üzvlərinin ev və şirkətlərində isə axtarışlar aparılıb. İstintaq orqanları Köçəryanın prezidentliyi dövründə dövlət əmlakının müxtəlif sxemlər vasitəsilə bazar qiymətindən xeyli aşağı qiymətə özünə və yaxınlarına bağlı şəxslərə ötürüldüyünü, bəzi əmlakların isə sonradan şirkətlər və formal sövdələşmələr yolu ilə gizlədildiyini iddia edir. İş üzrə altı nəfərin saxlanıldığı, araşdırmanın böyük həcmdə daşınmaz əmlak, maliyyə əməliyyatları və mümkün rüşvət epizodlarını əhatə etdiyi açıqlanıb. Prosesin diqqətçəkən məqamlarından biri də Köçəryanın oğlu, deputat Levon Köçəryanın evində və onun həyat yoldaşı, müğənni Sirushoya məxsus “Pregomesh” şirkətində axtarışların aparılmasıdır. Ermənistan mediasının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməliyyatları Köçəryan ailəsi ilə əlaqəli bir sıra kommersiya obyektlərini də əhatə edib. Beləliklə, sabiq prezidentin saxlanılması ilə nəticələnən proses Ermənistanda həm hüquqi, həm də siyasi baxımdan ciddi rezonans doğurub. Bununla yanaşı, istintaqın irəli sürdüyü ittihamların məhkəmənin yekun qərarı ilə təsdiqlənmədiyini və şəxslərin təqsirsizlik prezumpsiyasının qüvvədə olduğunu qeyd etmək vacibdir. 

Politoloq Zərdüşt Əlizadə Sherg.az-a söyləyib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan cəmiyyəti üçün əsla şübhə doğurmayan Köçəryan cinayətləri barədə addımlar atmağa başladı:



“Bunun nəticəsində də Köçəryan saxlanıldı. Levon Ter-Petrosyan tərəfindən baş nazir vəzifəsinə dəvət edilən Köçəryan Xankəndindən İrəvana göy kostyum, ağ idman ayaqqabısı və bir çamadanla gəlmişdi. O, baş nazir və 8 il prezident olduqdan sonra milyarderə çevrildi. Bir müddət əvvəl də Paşinyan Köçəryanı həbs etdirmişdi. Lakin indiki qədər gücü olmadığı üçün təzyiqlərə tab gətirməyərək Roberti azad etməyə məcbur qaldı. Bundan sonra isə Köçəryan Rusiyaya əlaltılıq etməyə başladı. 2026-ci il parlament seçkiləri göstərdi ki, Köçəryan artıq “vurulmuş kartdır”. Yəni onun Ermənistan cəmiyyətinə təsir imkanları çox məhduddur. İndi də Rusiya və Ermənistan arasında ciddi ziddiyət mövcuddur. Rusiya Ermənistan mallarına qadağa qoyur, iqtisadi-siyasi təzyiq göstərməyə çalışır. Köçəryanın həbsi göstərir ki, Paşinyan Robertin həbsindən Moskva ilə bazarlıq üçün istifadə edir”.

 Analitik qeyd edib ki, hadisəyə ikinci baxış da mövcuddur:

“Paşinyan başa düşür ki, Köçəryan, Sarkisyan və digərləri onun hakimiyyəti üçün daima təhlükə mənbəyi olacaq. Bu səbəblə də onları tamamilə zərərsizləşdirməyə çalışır. Köçəryan və digərlərinin cinayətlərindən Ermənistan cəmiyyəti xəbərdardır. Amma Rusiyanın adamları olduqlarına görə toxunmurdular. İndi isə Köçəryanın və Rusiyanın Ermınistana təsir imkanlarının azaldığını düşünən Paşinyan onlardan qurtulmağa çalışır”.