Azərbaycan COP29-u da alnıaçıq, üzüağ başa çatdıracaq - Əkbər Qoşalı

Göy üzü hər qitədə və həmişə aydın olsun!

Gözlənilən gün gəlib, çatıb. Bakıda COP29 tədbirlərinə start verilib və beynəlxalq ictimaiyyətin gözü Azərbaycanın paytaxtına dikilib. Dünəndən öz işinə başlayan COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) bu gün Liderlər Sammiti (və digər tədbirlər) ilə davam edib.  
Ölkəmizdə keçirilən sammitin beynəlxalq əhəmiyyəti ilə bağlı Sherg.az-a fikirlərini  bölüşən nasir, publisist, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin  üzvü Əkbər Qoşalı deyib ki, indiyədək çoxsaylı beynəlxalq tədbirə uğurlu evsahibliyi edən Azərbaycan, COP29-u da alnıaçıq, üzüağ başa çatdıracaq - buna şübhə yoxdur:

 "Qoşulmama Hərəkatının Zirvə Görüşü olsun, Sivilizasiyalar və Mədəniyyətlərarası Dialoq forumları, Beynəlxalq Neft-Qaz Sərgisi, Enerji Həftəsi, l Avropa Oyunları, Avropa Musiqi Yarışması, IV İslam Hənrəylik Oyunları, Türk Dövlət Başçılarının Zirvə Görüşü və s. olsun - Azərbaycan dəfələrlə öz təşəbbüskarlığı ilə seçilib, təqdim etdiyi modellərlə parlaq örnəklər yaradıb. Doğrudur, hazırda mövzu iqlim dəyişmələridir, lakin əsl məsələ bəlkə mədəniyyət iqlimindəki dəyişmələrdir. Bəli, bəli, mədəniyyət iqlimi! - Mədəniyyət iqlimi bir baxıma dəyişməli, bir baxıma, dəyişməməlidir. Əsl (köklü) mədəniyyət iqliminin - bütün pozitivlərin cəminin sabitliyi önəmli olduğu kimi, fərqliliklərin çatışmaya, dözümsüzlüyə, ayrı-seçkiliyə dönüşdürülməsi də qətiyyən qəbuledilməzdir. 
Bir xeyli ölkəni guya mədəni birlik, guya ortaq irs və yenə guya dil birliyi adı ilə Frankafoniya çatısı altında bir araya gətirən Fransanın Prezidenti Makron COP29-a gəlməyib.  
Guya dünyada ədalətin supergüclü qoruyucusu vəzifəsini öhdələnən  ABŞ-nin Prezidenti bir yana, ABŞ-nin Dövlət katibi də gəlməyib.
Faşizm, nasizm kimi qlobal ideoloji bəlaları yaradan və sonra da onlardan imtina etdiyini rəsmən duyuran Almaniyanın Federal Kansleri Olaf Şolts, Avropa Komissiyasının Almaniyadan olan Prezidenti xanım Ursula Fon der Lyayen və daha kimlərsə də gəlməyib. “Növbətçi səbəb”ləri bir qırağa qoysaq, onların nə üçün gəlmədiyini bilirik amma əlbəttə, düzgün hesab etmirik. Ona görə ki, 
onlar özləri belə əsl səbəbi açıqlaya bilmirsə, deməli, torpada pişik, zənbildə kəklik, çuvalda cida və daha da nələrdəsə nəsə var… Biz o “pişiy”in, “kəkliy”in və o “cida”nın da fərqindəyik...".

Ə. Qoşalının sözlərinə görə, Azərbaycan sözəbaxan ölkə olmalıymış, olmayıb! Və bu da bəzi qüvvələri çox bərk narahat edib: 

"Görəsən, biz bəzilərinin ürəyindən keçənləri etsəydik - məsələn, Vardanyan, Qukasyan, Arayik və o kimi digər hərbi cinayətkarları, cocuq qatillərini azadlığa buraxsaydıq, yaxud heç yerli-dibli tutmasaydıq və hətta, onlar Xankəndiyə "Stepanakert" deyə-deyə ordan başımıza yenə od ələsəydi, bu hal, Makron, Bayden, Şolts, Ursula Fon der Lyayen və b.-nın Bakıya məmnun gəlişini şərtləndirərdimi?
Almaniya iki Dünya müharibəsinin hər ikisinin baiskarıdır. Fransa, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir 
və COP BMT-nin tədbiridir, iqlim dəyişmələrini müzakirə edir, həll yolları axtarır. Belə çıxır ki, BMT işlərinə yarayınca BMT-dir, Azərbaycanda tədbir keçirəndə isə BMT-likdən çıxır, eləmi?".

Ə. Qoşalı qeyd edib ki, 30 illik işğal və ATƏT-in Minsk qrupu kimi bir yarıtmaz üçlünün mövcudluğu dönəmində öz ləyaqətini, xarakterini qorumağı bacaran ölkə ilə, o ölkənin sözü imzası qədər keçərli lideri ilə danışmağın çox sadə üsulu var: ədalətli olmaq, sayğılı davranmaq, səmimiyyət göstərmək: 
"Yoxsa, sizin aşırı dərəcədə çirkləndirdiyin planetin qayğısını biz çəkək, siz də bizə siyasi naz, diplomatik cilvə edin- belə yaramaz!
Ayrıca, dünya günü bu gün müharibələrdən əziyyət çəkir. Müharibə yalnız fiziki baxımdan deyil, ruhi-mənəvi baxımdan da iqlimi pozur, ekologiyanı zədələyir. Müharibələr torpağın bərəkətinə, suyun tərkibinə, bir sözlə, flora və faunaya çox (amma çox!) mənfi təsirlər göstərir. Özü müharibə aparan, müharibəni tətikləyən yaxud işğalların həmməsulu olanlar, 30 illik ağır işğala 44 gün içində son verməyi bacaran - XXI yüzilin comərdcə müharibəaparma mədəniyyətini nümayiş etdirən bir ölkədən nə istəyir?. Yoxsa, COP29-un Bakıda keçirilməsi haqqında qərar verilməmişdən öncə Azərbaycanın atdığı müstəsna humanist addımdan dişlərində şirə qalıb?
Suallar ritorik, məsələlər bu qədər açıq və aydındır!
Göy üzü hər qitədə və həmişə aydın olsun!
Dövlətimiz Zaval görməsin!!!".