İnsanlığı böyük problemlər gözləyir -RƏY

Azərbaycan müasir çağın tələblərinə uyğun addımlar atır

COP29-un əhəmiyyəti böyükdür, bundan sonra həmrəylik, birgə fəaliyyət çox önəmlidir 


  Müasir dövrdə qlobal problemlər bəşəriyyətin rifahı və təhlükəsizliyi üçün böyük təhdidlər yaradır. Onların həlli isə beynəlxalq miqyasda birgə fəaliyyətin göstərilməsini tələb edir, dövlətlər və beynəlxalq təşkilatlar qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Qlobal problemlərin, xüsusilə onun tərkib hissələrindən biri olan iqlim dəyişikliyinin qarşısının alınmasında yaxından iştirakın nəticəsi olaraq Azərbaycan iki yüz ölkənin yekdil qərarı ilə COP29 kimi mötəbər tədbirə ev sahibliyi edir. COP29-da 196 ölkədən 80 prezident, vitse-prezident və baş nazirin olduğu 72 min nəfərin iştirakı tədbirə beynəlxalq səviyyədə yüksək diqqət göstərildiyini sübut edir. Məlumdur ki, COP29-un Azərbaycanda keçirilməsi qərarının verilməsindən sonra bəzi Qərb dairələri ölkəmizi müxtəlif bəhanələr gətirməklə hədəf seçərək qarayaxma kampaniyası aparmağa çalışırdılar. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Lakin COP29-un keçirilməsi ilə anti-Azərbaycan dairələrin qərəzli niyyətləri baş tutmadı. Bir daha aydın oldu ki, xarici müdaxilələrlə ölkəmizi qarşısına qoyduğu aydın və prinsipial hədəflərindən yayındırmaq mümkün deyil. Eyni zamanda COP29-da çoxsaylı dövlət və hökumət başçılarının, KİV və QHT nümayəndələrinin çıxışlarında və müsahibələrində iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyə və tədbirin yüksək səviyyədə təşkilatçılığına görə Azərbaycana təşəkkür etmələri ölkəmizə qarşı qeyri-obyektiv mövqedən yanaşan dairələrə tutarlı cavabdır. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti ekoloji mühitin qorunması ilə bağlı beynəlxalq təşəbbüslərə qoşularaq fəal siyasət aparır. Xüsusilə bərpa olunan enerji mənbələrindən geniş şəkildə istifadə olunması əsas hədəflərdən biri kimi müəyyən edilib. İqlim dəyişikliyinin təsirlərinin azaldılması, ekosistemlərin və biomüxtəlifliyin qorunması məqsədilə mühafizə olunan ərazilərin genişləndirilməsi, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması sahəsində mühüm addımlar atılır. Ekoloji məsuliyyətin artırılması üçün effektiv maarifləndirmə işinin təşkili, müasir texnologiyalar tətbiq etməklə təbii resursların səmərəli istifadəsi və s. istiqamətində böyük irəliləyişlər əldə olunur. “Yaşıl enerji”yə keçidin təmin olunması məqsədilə milli və beynəlxalq səviyyədə sərmayə qoyuluşu stimullaşdırılır. Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, “Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”. Azərbaycan 1995-ci il yanvarın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci il iyulun 17-də isə Konvensiyanın Kioto Protokolunu təsdiq edərək, qlobal miqyasda iqlim dəyişmələrinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində həyata keçirilən beynəlxalq səylər prosesinin fəal iştirakçısına çevrilib. Dövlətimiz tərəfindən milli səviyyədə aparılan fəaliyyət və beynəlxalq səylərə dəstək, xüsusilə karbon qazı tullantılarının azaldılması, aşağı karbonlu milli iqtisadiyyata keçidə zəmin yaratmaq məqsədilə ölkəmizin 2016-cı ildə Paris Sazişinə qoşulması dünya birliyi tərəfindən yüksək qiymətləndirilib. COP29-a yüksək təşkilatçılıq və ölkəmizə maraq dövlətimiz, xalqımız əleyhinə olan bu fəaliyyətləri köklü şəkildə iflasa uğratdı. Bu, ölkəmizin apardığı uğurlu xarici və daxili siyasətin bariz göstəricisidir. COP29-da iştirak etmək üçün ölkəmizə səfərə gələn çoxsaylı dövlət və hökumət başçıları, nazirlər, ictimai-siyasi xadimlər, elm adamları, QHT nümayəndələri, media təmsilçiləri Azərbaycanın bu tədbirin təşkilatçılığına necə yüksək məsuliyyətlə yanaşdığının şahidi olurlar. Azərbaycanın ev sahibliyi etdiyi COP29 – BMT İqlim Dəyişiklikləri üzrə Konfransında dünyanın hər yerindən 60-80 min civarında nümayəndələrin, qonaqların toplaşması olduqca aktual bir mərama xidmət edir. Söhbət qlobal iqlim dəyişikliyi ilə qlobal müstəvidə mübarizənin təşkil olunmasından gedir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

  Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, Azərbaycan dövlətinin çox faydalı və maraqlı ənənəsi formalaşıb. Alim bəyan edib ki, Azərbaycan bütün beynəlxalq tədbirlərdən istifadə edərək ölkəmizin dərin və zəngin mədəniyyətini, milli musiqisini dünyaya tanıdır: 
"İnsanın və kainatın, yaşadığımız yer üzünün gələcəyinin müzakirə edildiyi və dünyanın diqqətinin yönəldiyi bu platformanın açılışında Azərbaycan mədəniyyəti dünyaya təqdim edildi. Çox mötəbər və möhtəşəm bir açılış oldu. Cənab Prezidentin COP29 liderlər sammitində çıxışı zamanı gündəmə gətirdiyi mesajlar da çox önəmli idi. Qlobal iqlim dəyişikliyi ilə mübarizə elə bir məsələdir ki, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq heç bir bir dövlət bu məsələni siyasiləşdirməməlidir. İqlim böhranları artıq hər kəsin qapısını çalmaqdadır. İldən-ilə kəskinləşən təbiət hadisələri, meşə yanğınları, daşqınlar göz önündədir. İqlim böhranları ilə bağlı araşdırmalar, tədqiqatlar həyata keçirilir. Seysmik aktivliyin də iqlim böhranları ilə bağlılığına dair məqamlar ortaya çıxıb. 2005-2015-ci ildə zəlzələ sahəsi araşdırılıb və məlum olub ki, 10 qat artım var. Yəni insanlığı böyük problemlər gözləyir. O baxımdan bu məsələdə həmrəylik, birgə fəaliyyət çox önəmlidir. Azərbaycanın sərgilədiyi mövqe çox humanist və birləşdirici mövqedir. Təəssüflər olsun ki, bəzi qüvvələr, o cümlədən Fransa kimi imperialist ölkələr bu məsələni siyasiləşdirməyə cəhd edirlər, ölkəmizə qarşı təzyiq vasitəsinə çevirmək istəyirlər. Ancaq onların təşəbbüsləri baş tutmadı. Çünki dünyanın ən önəmli ölkələri, siyasi liderləri, ictimai xadimləri, elm adamları, təşkilatlar, gənclik sektoru və s. hamısı Bakıdadır. İqlim böhranlarına qarşı mübarizə formaları barədə panellər keçirilir, müzakirələr aparılır". 

  T.Nüsrətoğlu vurğulayıb ki, iqlimin kirlənməsində və karbon emissiyasında müstəsna rolu olanlar məhz sənayeləşmiş böyük dövlətlərdir:
 "Onların bu məsələyə münasibətində, yanaşmasında, maliyyələşmədə ciddi problemlər var. ABŞ əvvəlki dönəmdə iqlim sazişindən çıxmışdı. Yeni dönəmdə də ABŞ-nin siyasətində dəyişiklik görünmür. Sənayeləşən və dünyanı daha çox kirlədən ölkələr iqlimin mühafizəsində daha fəal olmalı, əllərini daşın altına qoymalıdırlar. Bu sahəyə ciddi miqdarda maliyyələr ayrılmalıdır. Ada ölkələrinin sammitində çıxış edən Prezident İlham Əliyev və Fransadan, onun müstəmləkə keçmişindən danışdı. Müstəmləkə ölkələrində ekologiyaya böyük zərbə vurulduğunu, təbiətin istismar edildiyini diqqətə çatdırdı. İndi həmin ölkələrə daha çox maliyyə yardımı edilməlidir ki, keçmiş günahlarını nisbətən yusunlar". 
  Ekspert bildirib ki, Azərbaycan müasir çağın tələblərinə uyğun addımlar atır: "Yaşıl Enerji" sahəsində Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında müqavilə imzalandı. Ölkəmiz ciddi şəkildə "yaşıl enerji" ilə bağlı real addımlar atır, tədbirlər görür, təşəbbüslər irəli sürür. İşğaldan azad edilmiş torpaqlarımızı, ağıllı kəndlərimizi yaşıl konseptlə qururuq. Bu da çox mühümdür. İqlim böhranları ilə mübarizə hər birimizin üzərinə düşən məsələdir. Digər ölkələr də Azərbaycan kimi bu məsələyə ciddi diqqət ayırmalıdır.