COP29 çərçivəsində “Yaşıl İşlər və Bacarıqlar” mövzusunda Yüksək Səviyyəli Üçtərəfli Dəyirmi Masa təşkil olunub

Bu gün COP29 Sədrliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Əmək Təşkilatı (ILO) və İƏT Əmək Mərkəzinin tərəfdaşlığı ilə “Yaşıl İşlər və Bacarıqlar” mövzusunda Yüksək Səviyyəli Üçtərəfli Dəyirmi Masa təşkil olunub.

APA-nın xəbərinə görə, Dəyirmi Masanın moderatoru Beynəlxalq Əmək Təşkilatının Məşğulluq və Sosial Müdafiə üzrə baş direktorunun köməkçisi Mia Seppo olub. Tədbirdə ölkəmizlə yanaşı, Türkiyə, Çin, Özbəkistan, Böyük Britaniya, Pakistan, Bəhreyn, Monteneqro və digər ölkələrdən, beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər iştirak ediblər. Beynəlxalq Əmək Təşkilatının (BƏT) İş və Sosial Müdafiə üzrə Baş direktorunun köməkçisi Mia Sepponun moderatorluğu ilə keçən dəyirmi masada yaşıl iqtisadiyyata ədalətli keçidi dəstəkləmək üçün mövcud və gələcək işçi qüvvəsinin bacarıqlarının inkişafına sərmayə qoyulması, layiqli yaşıl iş yerlərinin və bu iş yerləri üzrə bacarıqların inkişafının təşviq edilməsi, bu sahədə qabaqcıl təcrübələrin mübadiləsi məsələləri müzakirə olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev moderatorun ölkəmizdə işçi qüvvəsinin yaşıl sənayelər üçün tələb olunan bacarıqlara sahib olması üzrə görülən işlərə dair sualını cavablandırıb. Nazir bildirib ki, yaşıl iqtisadiyyata keçid bu sahələr üzrə ixtisaslı işçi qüvvəsinin hazırlanmasını da zəruri edir. Yaşıl texnologiyaların sürətli inkişafı tələb olunan bacarıqların da daim inkişaf etməsini şərtləndirir və mövcud təhsil, peşə təhsili sistemlərimizin bu dəyişikliklərə uyğunlaşması əsas istiqamətlərdən biridir. Yaşıl iqtisadiyyata keçidi hədəfləyən digər ölkələr kimi, Azərbaycan da öz işçi qüvvəsini yaşıl iqtisadiyyata keçid üçün zəruri olan yeni bacarıqlarla təmin etmək istiqamətində işlər aparır. Həmin keçid prosesi mühəndislik, ətraf mühit elmi, rəqəmsal texnologiyalar və digər sahələrdə texniki təcrübəyə malik işçi qüvvəsini tələb edir. Sahil Babayev son zamanlar intensiv peşə hazırlığına və ixtisasartırmaya qlobal tələbatın artması ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də bu istiqamətə üstünlük verdiyini, nazirliyin 5 regional peşə-tədris mərkəzinin fəaliyyət göstərdiyini, daha bir neçə belə mərkəzin də tikilməkdə olduğunu qeyd edib.
O bildirib ki, bu mərkəzlər işsiz və iş axtaran şəxslərə alternativ enerji qurğuları və avadanlıqlarının istismarı, bərpa olunan enerji avadanlıqlarının yığılması və külək turbin sistemlərinin quraşdırılması kimi yaşıl bacarıqlar üzrə təlimlər də təklif edir. Nazir Qarabağ və Şərqi Zəngəzurda yaşıl iş yerləri üçün ixtisaslı kadr hazırlanması işlərinin miqyasının da getdikcə xeyli genişləndiyini, bu sahələrdə təlim proqramlarının yaşıl iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, işsiz və işaxtaran şəxslər üçün yeni məşğulluq imkanları yaratdığını diqqətə çatdırıb. Dövlət məşğulluq siyasətində gənclər, qadınlar və əlilliyi olan şəxslər üçün səmərəli məşğulluğun və layiqli əməyin təmin edilməsinin əsas məqsədlər kimi müəyyən edildiyi, həssas qrupların əmək bazarına inteqrasiyasını dəstəkləmək üçün işəgötürənlər üçün bir sıra stimullaşdırıcı proqramların icra olunduğu da diqqətə çatdırılıb.

Dünya Bankı ilə əməkdaşlığa başladıqlarını bildirən Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər naziri Mixeil Sarjveladze iş axtaranları uyğun vəzifələrlə əlaqələndirən iş uyğunlaşdırma modulu qurduqlarını nəzərə çatdırıb. Bu sistemin vacib bir hissəsi yaşıl iş yerləri üçün tələb olunan bacarıqları müəyyənləşdirmək və dəstəkləmək olacaq. Bu da bazarın tələbləri ilə işçi qüvvəsinin bacarıqları arasındakı boşluğu aradan qaldırmağa kömək edəcək. Onun sözlərinə görə, yaşıl işlər yalnız məşğulluğun yaradılması ilə məhdudlaşmır, davamlı və firavan bir gələcəyə gedən yoldur.

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Katibliyinin Baş direktoru direktoru Azər Bayramov bu gün iqlim dəyişikliklərinə qarşı təcili tədbirlər görmək zərurəti və eyni zamanda ləyaqətli əmək, sosial müdafiə və inklüzivliyi təşviq etmək məsuliyyəti kimi ikiqat çağırışla üz-üzə olduğumuzu vurğulayıb. Onun sözlərinə görə, aşağı karbonlu, iqlimə davamlı iqtisadiyyatlara keçid yalnız ekoloji tələb deyil, bu, əmək sistemlərini və bacarıqların inkişafını yenidən təsəvvür etməyi tələb edən transformasiyaedici bir prosesdir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) idarəedici direktoru İnqrid-Qabriela Hoven qeyd edib ki, yaşıl bacarıqların inkişafına daha çox diqqət yetirməliyik: “Əgər bu çağırışa diqqət etməsək, mitiqasiya və adaptasiya üzrə müvafiq tədbirləri həyata keçirməkdə daha ciddi problemlərlə üzləşəcəyik. Bu günə qədər müşahidə etdiklərimiz bunu bir daha təsdiq edir”.

Deputat Nigar Məmmədova qeyd edib ki, parlament milli siyasətləri və iqlim gündəmini uyğunlaşdırmaqda kritik rol oynayır, ədalətli keçidi dəstəkləmək üçün vacib addımlar atır. Qanunvericilik, büdcə və nəzarət vasitəsilə parlament iqlim tədbirlərini bacarıqların inkişafı ilə birləşdirən bir yanaşma həyata keçirə bilər ki, vətəndaşlar gələcəyin işləri üçün lazımi bacarıqlara sahib olsunlar. Eyni zamanda dövlət orqanları, özəl sektor və cəmiyyətin digər təbəqələri ilə əməkdaşlıq edərək, işçi qüvvəmizin ehtiyaclarına cavab verən siyasət və proqramlar hazırlamaq çox vacibdir: “Bundan əlavə, yeni yaşıl sektorlarda layiqli iş imkanlarının yaradılmasına və ədalətli iş şəraitinin təmin edilməsinə diqqət yetirmək olduqca önəmlidir. Bu, yalnız iqlim siyasətlərimizə olan ictimai etimadı artırmaqla qalmayacaq, həm də sosial həmrəylik və iqtisadi dayanıqlılığı təşviq edəcək. Birlikdə, həm ətraf mühitə uyğun, həm də sosial ədalətli bir gələcək üçün yol xəritəsini formalaşdıra bilərik. Biz davamlı texnologiyalar üçün maliyyələşdirməni prioritetləşdirməli, amma eyni zamanda yaşıl iş yerləri üzrə təlim və təhsil proqramlarına da investisiya qoymalıyıq. Bu, yalnız iqlim hədəflərinə çatmaqla bağlı deyil. Bu, iqtisadiyyatımızı gələcəyə hazırlamaq və işçilərin qarşıdakı dəyişikliklərə uyğun olaraq təchiz olunmasını təmin etməkdir. Eyni zamanda, ədalətli keçid inklüzivlik tələb edir. Qanunvericilik, qadınlar, gənclər, kənd əhalisi və marginallaşmış qruplar daxil olmaqla, hər kəsə bacarıq təlimini əlçatan etməlidir. Politikalıların iqlim və bacarıqlar gündəmləri üzrə ədalətli keçidi təmin etməyə yönəldilməsi prosesin tədrici olduğunu qəbul etmək vacibdir. Yaşıl texnologiyalar və əmək bazarının dinamikası inkişaf etdikcə, siyasətlər diqqətlə hazırlanmalı və dinamik şəkildə uyğunlaşdırılmalıdır. Nəhayət, əsas nəzarət orqanı kimi parlamentlər şəffaflığı və hesabatlılığı təmin etməlidir. Nəticə olaraq, bacarıqların inkişafı və iqlim gündəmlərinin uyğunlaşdırılmasında parlamentlərin rolu ədalətli keçidə nail olmaq üçün həlledici əhəmiyyət daşıyır. İnklüziv və əlçatan yaşıl iş yerləri və bacarıqların artırılması təlimi üçün qanunlar qəbul etməklə, hər kəsin yaşıl iqtisadiyyatın faydalarından bəhrələnməsi üçün bərabər imkanlar yarada bilərik".

Türkiyə Ailə və Sosial Xidmətlər nazirinin müavini Adil Çalışkan deyib ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən sıfır tullantı layihəsi sosial bir hərəkata çevrilib. Nazir müavini qeyd edib ki, qadınların sosial iştirakını dəyişdirməyi və maliyyə resurslarını genişləndirməyi hədəfləyirlər: “Tədbirlərimiz qadınların yeni iş bazarlarına, o cümlədən yaşıl iş yerlərinə, yaxşı çevik iş şəraitlərinə və daha çox bərpa olunan enerjili iş imkanlarına çıxışını dəstəkləyir”.

Dəyirmi masada, həmçinin Türkiyə, Çin, Özbəkistan, Böyük Britaniya, Pakistan, Bəhreyn, Monteneqro və digər ölkələrdən, beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər tərəfindən moderatorun sualları cavablandırılıb, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.