Dünyada milyonlarla insan öz hüquqlarından məhrum edilir. Bunun əsas səbəbi vətəndaşsızlıq hallarına qarşı mübarizədə son dövrdə əldə edilmiş irəliləyişlərin millətçiliyin zərərli formalarının artması nəticəsində təhlükə altında olmasıdır.
Oxu.Az-ın məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin xəbərdarlığında bildirilib.
“Vətəndaşsızlıq hallarına qarşı tədbirlər görən ölkələrin sayının artması o deməkdir ki, beynəlxalq birlik vətəndaşsızlıq hallarının kökünün həmişəlik kəsilməsinə yönələn səylərində həlledici məqama yaxınlaşmaqdadır”.
O bildirib ki, hələ beş il bundan öncə ictimaiyyətin vətəndaşsızlıq və onun zərərli nəticələri barədə bilgiləri çox az idi.
F.Qrandi indi vəziyyətin dəyişdiyini bildirib. Qeyd edib ki, vətəndaşsızlıq hallarına son qoyulması perspektivi heç vaxt bugünkü qədər yaxın olmayıb.
“Amma hələ bu məsələdə inkişafın təmin edilməsindən danışmaq tezdir. Millətçiliyin zərərli formaları və qaçqınlar, eləcə də, miqrantlar əleyhinə münasibətlərə manipulyasiya edilməsi beynəlxalq səviyyədə cərəyan edən, inkişafın qarşısını alan güclü amillərdir”.