Son bir gün: Ukrayna rus qazının tranzitini dayandırır

Yanvarın 1-dən Rusiya qazının Ukrayna üzərindən tranziti qeyri-müəyyən olaraq qalır. Hazırkı razılaşma dekabrın 31-də başa çatacaq. Yeni razılaşma əldə olunmazsa, milyardlarla kubmetr qazın Avropa İttifaqına tədarükü dayana bilər.

Teleqraf.com "Bloomberg"ə istinadən bildirir ki, Slovakiyanın baş naziri Robert Fiko və Mərkəzi Avropanın enerji şirkətləri Rəsmi Kiyevə qaz axınının davam etməsinə icazə verməsi üçün təzyiq göstərirlər.

Bu da Avropa İttifaqının Rusiya enerjisindən asılı olduğunu göstərir.

Prezident Volodimir Zelenski Rusiya qazı istisna olmaqla digər ölkələrin Ukrayna ərazisindən Avropaya qaz tədarükünə müsbət yanaşdığını bildirib.

Məsələnin başqa tərəfi bu qərardan sonra ölkənin 38 min 600 kilometrlik təbii qaz kəməri sisteminin təhlükəsizliyinin necə təmin olunacağıdır.

Dünyanın ən böyük şəbəkələrindən biri olan bu boru kəməri son 3 ildə məhz Rusiya qazını ötürdüyü üçün hücumlara məruz qalmayıb. İstisna edilmir ki, rəsmi Kiyev Rusiya qazının tranzitinə qadağa qoyacağı halda ölkənin qaz anbarları və enerji təchizatı kimi sistemləri də hədəfə alınacaq.

"Bloomberg"in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin və Slovakiyanın baş naziri Robert Fiko hazırda optimal variantları nəzərdən keçirirlər. Bunlardan ən önəmlisi avropalı alıcıların qazı "Qazprom"dan birbaşa almasıdır. Bu halda Rusiya gəlirini vasitəçilərlə bölüşmədən bazardakı yerini qoruyacaq. Slovakiya isə əlavə tranzit xərclərinə qənaət edəcək.

Yeri gəlmişkən, Slovakiyanın baş naziri Robert Fiko Avropa İttifaqının rəhbərliyinə müraciət edərək, Ukraynanın Rusiyadan qaz tranzitini dayandırmaq qərarının riskli olduğu bəyan edib. Bundan əvvəl Fico bildirmişdi ki, Rusiya qazının Ukrayna vasitəsilə nəqlinin dayandırılması Avropaya 2025 və 2026-cı illərdə 120 milyard avroya başa gələcək.

Qeyd edək ki, Avropada qazın qiyməti tədarükdəki fasilələr, eləcə də tükənən qaz ehtiyatları səbəbindən 48 faiz bahalaşıb. Düzdür, xərclər 2022-ci ildəki enerji böhranı zamanı qeydə alınan rekorda yaxınlaşmasa da, ev təsərrüfatları və istehsalçılar artıq bunun təsirlərini hiss edirlər.

Xatırladaq ki, 2024-cü ilin 11 ayında Rusiyadan Avropaya qaz nəqlinin həcmi təqribən 50 milyard kubmetrə çatıb. Bu da 2023-cü illə müqayisədə təxminən 18-20% artım deməkdir.Avropaya təbii qaz tədarükündə əsas artım boru kəmərləri üzərindən baş verib- 26%. Rusiyanın Qitəyə satdığı 50 milyard kubmetr təbii qazın 30,3 milyard kubmetri boru kəmərləri ilə təmin edilib. Bu da Avropaya ixrac edilən ümumi qazın təxminən 11,1%-ni təşkil edir. Bir il əvvəl bu rəqəm 8,4% idi.