Ukraynanın NATO-ya üzv olması Rusiyanın məğlubiyyəti deməkdir -ŞƏRH

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Donald Trampın Ukraynanın NATO üzvlüyü ilə bağlı təklifi Rusiyanı qane etmir. Onun sözlərinə görə, Trampın Ukraynanın NATO-ya üzvlüyünü 20 il təxirə salmaq və Avropa və Böyük Britaniya sülhməramlılarının Ukrayna ərazisinə yerləşdirilməsi təklifi Rusiya Federasiyasını qane etmir. Qeyd edək ki, Kiyev zaman-zaman Qərb ölkələrinə müraciət edərək Ukraynanın NATO-ya üzv qəbul edilməsini tələb edir və Rusiyanın bu yolla məğlub edilə biləcəyini iddia edir. 

Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, D.Trampın yenidən hakimiyyətə gəlişi ilə Rusiyanın əldə edəcəyi Ukrayna ərazilərinin qarşılığında Ukraynanın NATO-ya üzvlük məsələsinin müsbət həllini gözləmək sadəlövhlük olardı. 

Ekspertin sözlərinə görə, Rusiya elə məhz bu məsələni bəhanə edib Ukraynaya hücum etmişdi: 

"Ukraynanın NATO-ya üzv olması Rusiyanın hansı torpaqları əldə etməsinə baxmayaraq məğlubiyyəti deməkdir. Xüsusən, Avropa və Böyük Britaniya orduları onunla sərhəddə dayanacaqlarsa, bu, Moskva üçün qəbuledilməzdir. Rusiya NATO-nun onun sərhədlərinə yaxınlaşmasına dözümsüz yanaşdığı bir halda Qərb qoşunlarının onun bir neçə kilometrliyində durmasını qəbul etməz. Məsələ ondadır ki, əslində Rusiya keçmiş sovet ittifaqı məkanını özünün təsir zonası hesab edir. Eyni zamanda da Ukraynanı.. Hətta Putin Ukrayna adında dövlətin olmadığını, onu Rusiyanın yaratdığını və Ukraynanın ərazilərini Rusiyanın əraziləri hesab etdiyini dəfələrlə vurğulayıb". 

Analitikin fikrincə, belə durumda Ukraynadan əldə etdiyi kiçik torpaq parçasına görə bunun beş qatı olan Ukrayna ərazilərini əbədi olaraq itirilməsinə razı olmaq Rusiya üçün siyasi yox, tarixi səhv olar: 
"Rusiyanı hələlik Ukrayna ərazisində qalan torpaqların onun olmasa da, kimsənin təsir dairəsində olmaması faktı daha çox qane edir. Çünki gələcəkdə həmin ərazilərin yenidən ona qayıtması şansı yerində qalır. Amma qeyd edilən şərtlərlə Rusiya bu ehtimaldan əbədi məhrum olur. Odur ki, Rusiya müharibəni davam etdirməyi seçər, amma bu şərtlərlə sülhə razı olmaz".