Vaşinqtondan Tehrana xəbərdarlıq: "Əlini İraqdan çək"

ABŞ İraqdakı etirazlarla bağlı narahatlığını yenidən gündəmə gətirib. Xarici media xəbər verir ki, Ağ Ev İraq hökumətini şiddətə son verməyə çağırıb.

“İraq hökumətinin dinc nümayişləri vəhşicəsinə dağıtması və etirazlara görə ölkədə interneti qadağan etməsi beynəlxalq hüquq normalarına uyğun deyil”, - deyə Vaşinqtondan bildirilib.

Bundan əlavə, Ağ Ev İraq hökumətini erkən seçkilər keçirməyə, beynəlxalq ictimaiyyəti isə İraq xalqının gələcəyi üçün susmamağa çağırıb.

Eyni zamanda, ABŞ İraqda baş verənlərdən dolayı İranı ittiham etməyi də unutmayıb. Belə ki, rəsmi Vaşinqton İranın İraq hökumətinə təsir etdiyini və İraqda daxili sabitliyi pozmağa çalışdığını bəyan edib. ABŞ hökuməti Tehrandan əməlindən çəkinməyi tələb edib.

Qeyd edək ki, oktyabrın 4-dən etibarən İraqda hökumət əleyhinə kütləvi etirazlar başlayıb. Proses ciddi qarşıdurmalara çevrilib, aksiyaçılara qarşı polis güc tətbiq edir.