Kiku: "Moldovanın yeni hökuməti balanslaşdırılmış xarici siyasət aparacaq"

Yeni hökumət Moldovanın xarici tərəfdaşlar qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirərək, balanslaşdırılmış xarici siyasət aparacaq.

AZƏRTAC xəbər verir ki, bunu Moldovanın yeni Baş Naziri İon Kiku bəyan edib.

Baş Nazirin sözlərinə görə, Moldova xarici tərəfdaşları ilə səmimi və düzgün dialoq qura bilsə, ölkə inkişafa nail olacaq.

İ.Kiku beynəlxalq təşkilatlarla normal əməkdaşlıq qurmaq üçün ölkənin ədliyyə və prokurorluq sistemlərində islahatların qaçılmaz olduğunu vurğulayıb.

Qeyd edək ki, noyabrın 14-də Moldova parlamenti İon Kikunu ölkənin yeni Baş Nazirini seçib. Onun namizədliyini Prezident İqor Dodon irəli sürüb.

Xatırladaq ki, Moldova parlamenti Avropayönümlü “Acum” (“İndi”) bloku tərəfindən formalaşdırılan Maya Sandu hökumətinə etimadsızlıq votumu ifadə edib. Bu barədə qərar qanunverici orqanın noyabrın 12-də keçirilən iclasında qəbul olunub. Etimadsızlıq votumu səsvermədə iştirak edən 101 deputatdan 63-nün dəstəyini qazanıb.