Senatın qondarma erməni soyqırımına dair “qətnamə”si gərginlik yaradır
“Bundan sonra Vaşinqton-Ankara münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək çətin olacaq”
ABŞ Senatı qondarma erməni soyqırımı adlı “qətnamə” layihəsini qəbul edib. Bu barədə amerikalı senator Rob Menendez Tvitter səhifəsində məlumat paylaşıb. Dördüncü dəfə səsə qoyulan qanun layihəsi yekdilliklə, 11 səsə 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib. Ötən ay Nümayəndələr Palatasından keçən “qətnamə” layihəsi Prezident Donald Trampa təqdim ediləcək. Ehtimallara görə, qanun böyük səs çoxluğu ilə qəbul olunduğuna görə, prezidentin veto hüququndan istifadə etməsi də çətinləşir.
“Belə haqsız qərarlar Türkiyənin hədəflərinə təsir etməyəcək”
Türkiyənin Xarici İşlər Nazirliyi Amerika Senatının 1915-ci il hadisələrini “Erməni soyqırımı” kimi tanımasına münasibət bildirib. Türkiyə XİN layihənin qəbul edilməsini utancverici örnək kimi qiymətləndirib: “Bu, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi səylərinin qarşısını alan təxribat xarakterli təşəbbüsdür. Qərarın hüquqi əsası yoxdur. Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək”. Türkiyə Prezident Administrasiyasının sözçüsü Fəxrəddin Altın isə layihənin qəbulunun iki ölkə arasında münasibətlərə zərər verəcəyini deyib. O, özünün “Twitter” hesabında yazıb ki, qərar Türkiyə-ABŞ münasibətlərinin gələcəyinə təhlükə yaradır: “Senatın bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduğu üçün milli təhlükəsizliyimizi güzəştə getməyəcəyik. Biz erməni qardaşlarımızdan fərqli fikirlərdə elmi və akademik yollarla ortaq məxrəcə gəlmək cəhdlərinin ABŞ Konqresi tərəfindən qarşısının alınmasına icazə verməmələrini gözləyirik”.
“Layihə hökumət Administrasiyasının mövqeyini əks etdirmir”
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer qanun layihəsini qəbul etməsinə münasibət bildirib. Səfir deyib ki, məlum layihə qanunverici orqanın qəbul etdiyi sənəddir və bu, hökumət Administrasiyasının mövqeyini əks etdirmir: “Artıq bu barədə Senat öz fikirlərini tam və dəqiq şəkildə ifadə edib. ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dost və əməkdaşıq. Bu əməkdaşlığı davam etdirəcəyik”.
Azərbaycan XİN: “ABŞ Senatının qətnaməsi qərəzli sənəddir”
Xarici İşlər Nazirliyi də qondarma erməni soyqırımını tanıyan qətnamənin qəbul edilməsinə münasibət bildirib. XİN rəsmisi Leyla Abdullayeva bildirib ki, bu ilin 12 dekabr tarixində ABŞ Senatı tərəfindən qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir: “Qətnamənin mətnində elmi-tarixi baxımdan ziddiyyətli və şübhəli mənbələrə istinad olunması bu qətnamənin qeyri-peşəkar səviyyədə hazırlandığını və yalnız erməni lobbi dairələrinin çirkin məqsədlərinə xidmət etdiyini sübut edir. Tarix tarixçilər tərəfindən tarixi obyektivlik prinsipləri əsasında araşdırılmalıdır. Bir əsr bundan əvvəl baş verdiyi iddia olunan hadisələrə ABŞ Senatı siyasi mülahizələrlə qiymət verməyə çalışdığı halda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə sükut nümayiş etdirir və ikili standartlarla çıxış edir. Bu qətnaməni qərəzli və hər hansı hüquqi əsası olmayan sənəd kimi qiymətləndiririk”.
Ermənistanda “toy-bayram” havası var
Qondarma soyqırımı qanun layihəsinin təsdiq edilməsi Ermənistanda sevinclə qarşılanıb. Baş nazir Nikol Paşinyan deyib ki, Ankaranın siyasəti Ermənistan və region üçün təhdid kəsb edir. O, ABŞ Senatının qondarma erməni soyqırımı ilə bağlı qətnaməsinin buna sübut olduğunu söyləyib: “Erməni xalqını tarixi qələbəsi münasibətiylə təbrik edirəm. Bu, “erməni soyqırımı”nın beynəlxalq tanınması işində yeni səhifə açır və bu prosesi yeni mərhələyə keçirir”. Paşinyan beynəlxalq ictimaiyyəti Türkiyənin fəaliyyətləri ilə bağlı dəqiq mövqe sərgiləməyə çağırıb.
“Bu, ədalət deyil, riyakarlıqdır”
“Qətnamə” ilə bağlı “Şərq”ə danışan V Çağırış Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, məqsəd sadəcə Türkiyəyə təzyiq etmək deyil, bütün türk dünyasına qarşı cəbhə açmaqdır. E.Məmmədov bildirib ki, tarixdə ilk dəfə keçən əsrin əvvəllərində qondarma erməni soyqırımı məsələsini ABŞ gündəmə gətirib: “Amerikalıların ulu babaları avropalıdır və onlar Amerika qitəsini yerli xalqı soyqırım etməklə ələ keçiriblər. Bir qövmün kökünü kəsən toplum indi türklərə qarşı qondarma soyqırımı vasitəsi ilə təzyiq göstərməyə çalışır. Tarixdə ilk soyqırımı edən Amerika olub və daha sonra bunu başqa xalqlar üzərində davam etdirib. Vyetnamı, Koreyanı, Əfqanıstanı, İraqı yada salsınlar. ABŞ Yaxın Şərq və müsəlman dünyası üçün bəla sayılır. Təsəvvür edin, qanunun təsdiqi zamanı ermənipərəst senatorlar göz yaşlarını saxlaya bilməyiblər. Həmin senatorlar həqiqi soyqırımlarla bağlı bir damcı olsa da göz yaşı tökməyiblər, Xocalı soyqırımına görə adicə müzakirə belə aparmayıblar. 100 il əvvəl reallıqda olmayan bir hadisəni “soyqırım” kimi qəbul edənlər canlı şahidlərin hələ də yaşadığı əsl qətliamlara göz yumurlar. Bu, ədalət deyil, riyakarlıqdır”.
“Belə məqamlarda birlik nümayiş etdirməliyik”
E.Məmmədovun sözlərinə görə, hamımız səfərbər olmalıyıq. Çünki qondarma soyqırım haqqında qanun Azərbaycanın da ziyanınadır: “Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi sözdə deyil, əməldə türk dünyasının birliyini yaratmalıyıq. Belə məqamlarda ortaq gücümüzü göstərməliyik. Əks halda tək-tək hamımızla bağlı uydurma layihələr hazırlayacaqlar. Deyirlər Prezident Donald Tramp veto qoya bilər. Trampın başı özünə, impiçment məsələsinə qarışıb. İnanmıram ki, nəsə fərqli addım atsın”. Müsahib vurğulayıb ki, ermənilər yüz il əvvəl Türkiyədə əmin-amanlıqla yaşayıblar, bu gün də təhlükəsiz həyat sürürlər: “Ancaq ermənilər pərdə arxasından həmişə türklərə qarşı fəaliyyət göstəriblər, təxribata əl atıblar, PKK ilə əlbir olublar. Hesab edirəm ki, qardaş Türkiyə dövləti ölkədə yaşayan ermənilər haqqında ciddi düşünməli və qərar verməlidir. Çünki ermənilərin gizli fəaliyyəti Türkiyəyə ziyan verir. Onlar fürsət gözləyirlər və Türkiyənin zəifləməsini arzu edirlər. İmkan düşən kimi yenə də türklərə qarşı çıxış edəcəklər”.
“Amerika bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da deyib ki, Demokratlar və Respublikaçılar erməniləri sevdiklərinə görə “qətnaməni” qəbul etməyiblər. Onların əsas hədəfi Türkiyəni cəzalandırmaq idi: “Amerika Senatının “erməni soyqırımı” qətnaməsini təsdiq edəcəyi gözlənilən idi. Bunun iki səbəbi var. Birinci səbəb o idi ki, Nümayəndələr Palatası “erməni soyqırımı” qətnaməsini böyük səs çoxluğu - 405 səslə qəbul etmişdi. “Qətnaməyə” həm demokratlar, həm də respublikaçılar birgə səs vermişdilər. Yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdilər. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadırlar, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, S-400 raketlərinin alınmasından narazı idilər. Bugünə qədər onlarla dövlət “erməni soyqırımı” qətnaməsini qəbul edib. Bu, Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. Amerika Prezidenti Donald Tramp sənədi imzalamaya bilər. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə S-400 raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətindir. Ancaq Amerika bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Türkiyə-Amerika münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq çətin olacaq”.