Conson “Brexit”i reallaşdıracaq: Amma bu Böyük Britaniyaya baha başa gələ bilər

“Böyük Britanyada mühafizəkarlar və partiyanın lideri Boris Conson parlament seçkisində parlaq qələbə çaldı”. Bunu “Şərq”ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Conson bundan sonra rahatlıqla köhnə arzusunu, Avropa İttifaqından çıxmağı reallaşdıracaq: 

“Ancaq bu uğur Consona və Böyük Britaniyaya baha başa gələ bilər. Birincisi, bəlli deyil ki, ayrılma Böyük Britaniya iqtisadiyyatına necə təsir göstərəcək? İkincisi, parlament seçkisində şotlandların milli partiyası Şotlandiyadakı seçicilərin xeyli səsini qazanıb. Orada mühafizəkarlar və liberallar çox səs qazana bilməyiblər. Bu uğura sevinən Şotlandiyanın baş naziri Nikola Sturgeon növbəti referendum keçirəcəklərini bildirib”.



Politoloq xatırladıb ki, 2014-cü ildə Şotlandiyada keçirilən referendumda şotlandlar nisbi səs çoxluğu ilə Böyük Britaniyadan ayrılmağın əleyhinə çıxmışdılar: 

“İkinci dəfə referendum keçirilsə, nəticə fərqli ola bilər. Çünki ingilislərin əskəriyyətindən fərqli olaraq şotlandlar “brexit”in əleyhinədir və Avropa İttifaqından ayrılmağın əleyhinə səs veriblər. Şotlandiya növbəti referendumda müstəqilliyə səs verərək Böyük Britaniyadan ayrılsa, müstəqil ölkə kimi Avropa İttifaqına üzv olmağa çalışacaq. Deyilənlər baş verərsə, Boris Conson tarixə seçkidə parlaq qələbə qazanan baş nazir kimi deyil, Böyük Britaniyanın bölücüsü kimi düşəcək”.