İdlib “düyünü” – Çağırılmamış “qonaqlar” qaldığı müddətdə bölgədə gərginlik davam edəcək

“Əslində Rusiya və Suriyanın hökumət qüvvələri İdlibi terror qruplaşmalarından təmizləmək istəyir. Çünki İdlibdə terrorçular və digər çağırılmamış “qonaqlar” qaldığı müddətdə bölgədə gərginlik davam edəcək”. 

Bunu Sherg.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

Siyasi şərhçi bildirib ki, terrorçu qüvvələrin varlığı Suriyanın ərazi bütövlüyünün təmin edilməsinə maneə törədir: 

“Məsələ ondadır ki, Əsəd hökuməti kömək üçün sadəcə iki dövlətdən – Rusiya və İrandan kömək istəyib. Qərb ölkələrinin İdlibdə iştirakı isə qeyri-qanunidir. Əfsuslar olsun ki, İdlib ətrafında terrorçulara dəstək verən bir çox ölkə var. Zənn edirlər ki, terrorçu qruplaşmaların əli ilə proseslərə müdaxilə etmək onların maraqlarına uyğundur. Daha doğrusu öz mövcudluqlarını Suriya torpaqlarında bununla əsaslandırırlar. 



Tofiq Abbasov: “Cəbhət ən-Nüsra” adlı terror təşkilatı Suriyada uzun müddət azğınlıq edən, dəhşətli qətllər törədən bir qüvvədir”


Əslində isə Suriya proseslərində irəliyə doğru heç bir addım atılmayıb. Səbəbi odur ki, ölkə hələ də terrorçu güclərdən tam təmizlənməyib. “Cəbhət ən-Nüsra” adlı terror təşkilatı Suriyada uzun müddət azğınlıq edən, dəhşətli qətllər törədən bir qüvvədir. Həmin qüvvələr hələ də minlərlə insanı əsarət altında saxlayırlar. Ona görə də hökumət güclərinə terrorçulara qarşı mübarizə aparmaq üçün dəstək verilməlidir. Düzdür, terror şəbəkəsinin bel sütunu artıq dağıdılıb, ancaq müəyyən bir qrupun orada saxlanması ABŞ-ın, İsralin və Səudiyyə Ərəbistanın bundan sui-istifadəsinə imkan yaradır”.