Yaponiyada yeni koronavirusa yoluxanların sayı artır


Fevralın 22-də Yaponiyada yeni koronavirusa yoluxma ilə əlaqədar 26 hal qeydə alınıb.

AZƏRTAC Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, Tokionun yaxınlığında yerləşən Kanaqava prefekturasındakı dörd nəfərlik ailənin bütün üzvləri virusla əlaqədar yoxlama zamanı müsbət reaksiya veriblər.

Belə bir reaksiya Yaponiya paytaxtının yaxınlığındakı Çiba prefekturasında yerləşən natamam orta məktəbin qadın müəllimində də qeydə alınıb. Yerli hökumət orqanlarının bildirdiyinə görə, məktəb fevralın 26-dək bağlı qalacaq.

Bazar günü yerli vaxtla saat 11:30-a olan son məlumata görə, Yaponiyada yeni koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb. Buraya “Diamond Princess” kruiz laynerində qeydə alınan 634 nəfər də daxildir.