Ölüm ya oyun: - KİM qalib gələcək ?!    

“Adətən diktatorlar bu kimi “ölüm oyunları”na əl atırlar” 

“Belə bir ölkədə lider ölsəydi ciddi siyasi gərginlik müşahidə olunardı və dünya bundan xəbər tutardı”

“Kim Çen İnin ölüm xəbərini ilk dəfə Çin yayıb. Pekin ehtiyat edir ki, ABŞ-la münasibətləri kifayət qədər normallaşan Şimali Koreyanın sonrakı hədəfi Çin ola bilər




Şimali Koreya lideri Kim Çen İnin iki həftədir ictimaiyyət qarşısında görünməməsi onun ağır xəstə olması, hətta ölməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub. Kimin ölüm xəbəri öncə Çində ortaya atılıb, daha sonra isə dünya gündəminə düşüb. ABŞ kəşfiyyatının məlumatına görə, Kim ürək əməliyyatından sonra səhhəti ağırlaşıb və komaya düşüb. Dünyanın nüfuzlu nəşrləri isə Şimali Koreya liderinin öldüyünü “təsdiqləməyə” çalışıb. Hətta onun yerini kifayət qədər nüfuza malik kiçik bacısı Kim Yo-Yonqun tutacağı iddia edilib. Kim Yo-Yonq gəncliyindən siyasətlə məşğuldur və qardaşı 2011-ci ildə hakimiyyətə gəldikdən sonra onun ən yaxın silahdaşı olub. Hakimiyyət uğrunda mübarizədə qohumları arasında onun rəqibi yoxdur. Lakin Kim Çen İnin ölümü rəsmən təkzib olunub.

Şimali Koreyanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Komitəsinin xüsusi nümayəndəsi, diplomat Alexandro Kaode Benosun sözlərinə görə, marşalın ölümü haqqında şayiələr yalan və pisniyyətlidir. Cənubi Koreya Prezidentinin müşaviri Mun Çjon də Kimin vəziyyətinin ağır olması, hətta ölməsi ilə bağlı yayılmış məlumatları təkzib edib. Müşavirin sözlərinə görə, Kim Çen İn sağdır və özünü yaxşı hiss edir. 



Günlərdir müzakirə olunan məsələni “Sherg.az”a dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, adətən diktatorlar bu kimi “ölüm oyunları”na əl atırlar. 
Professorun sözlərinə görə, bu yolla həm xalqa tam nəzarət etmək, həm də kimlərisə qorxutmaq üçün tarixən bu metoda baş vurulur: 

“Diktatorun yalan ölüm xəbəri bəzi adamlarda sevinc hissləri yaradırsa, digər qisimdə şok effektinə səbəb olur. Şimali Koreya rəsmən bu xəbəri təkzib etdi. Ona görə də Kimin həyatda olması daha inandırıcıdır. İndi elə zaman deyil ki, bir liderin ölümü asanlıqla gizlədilsin. Şimali Koreyada diktatura hökm sürür. Əgər belə bir ölkədə lider ölsəydi və iddia edildiyi kimi yerinə bacısı keçsəydi, ciddi siyasi gərginlik müşahidə olunardı və dünya bundan xəbər tutardı. Nəzərə alaq ki, ölüm xəbərini ilk dəfə Çin yayıb. Pekin Şimali Koreya lideri ilə bağlı bu cür informasiyanın yayılmasında maraqlıdır. Çin Şimali Koreya sərhəddinə ordu və hərbi texnika cəmləyir. Çox güman ki, Pekinin hansısa siyasi maraqları olub, lakin özünü doğrultmayıb. Çin özü atom-nüvə silahına malikdir və yaxşı bilir ki, əvvəl-axır Şimali Koreya nüvə silahı ilə hansısa ölkəni vuracaq”. 



C.Nuriyevin sözlərinə görə, Pekin ehtiyat edir ki, ABŞ-la münasibətləri kifayət qədər normallaşan Şimali Koreyanın sonrakı hədəfi Çin ola bilər:

“Məhz bu məqsədlə Kimin ölüm xəbərini yaymağa və “təsdiq” etməyə çalışır. Çin Şimali Koreyaya həkim heyəti göndərdiyini iddia edirdi. Ancaq Şimali Koreyanın özündə Amerikada yüksək təhsil almış xüsusi həkimlər briqadası var. Kimin ürəyində açıq əməliyyat keçirdiyi deyilir. Bu, inandırıcıdır, çünki adam çox kökdür və səhhətində problem var. Onu da nəzərə almaq lazımdır ki, Şimali Koreya lideri qısa zaman ərzində, sadəcə iki həftədir ictimaiyyət qarşısına çıxmayıb. Yəni elə də uzun müddət deyil. Ən əsası isə odur ki, Kimin yerinə bacısı keçsə, ölkədə heçnə dəyişməyəcək. Hətta bacısı Kimdən daha təhlükəli olacaq”.