Moldovada prezident seçkilərinin baş tutduğu elan edilib



Moldova Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkilərinin baş tutduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, artıq 1 milyon 50 min seçici öz səsvermə hüququndan istifadə edib. Səsvermə saata 19:00-da (Bakı vaxtı ilə 21:00-da) başa çatıb.

Prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Prezidentliyə namizədlərdən biri 50 faizdən yuxarı səs toplaya bilməsə, seçkilərin ikinci turu keçiriləcək. Yerli sosioloji sorğulara əsasən, əsas mübarizə Moldovanın hazırkı Prezidenti İqor Dodon və sabiq Baş Nazir Maya Sandu arasında gedir.

Prezident seçkilərini 1884 yerli, 309 beynəlxalq müşahidəçi izləyir. Xarici müşahidəçilər arasında MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclis Sədrinin müavini Adil Əliyev, üzvləri Sabir Hacıyev, Rüfət Quliyev və Aydın Cəfərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri də var.

Səsvermə üçün 2 934 017 bülleten çap olunub, onlardan 2 168 620 bülleten rumın, 765 397 mini isə rus dilindədir.

Seçki məntəqələrinin hamısına videomüşahidə kameraları quraşdırılıb, səsvermə prosesi canlı yayımlanıb.

Moldovada ilk dəfə səs verəcək seçicilərin sayı 43 340 nəfərdir. Bunlardan 22 271-i oğlan, 21 069-u isə qızdır.

Prezident seçkilərinin təhlükəsizliyinə Moldovanın 6 mindən artıq polis işçisi cəlb olunub.