Gürcüstanda yaşayan soydaşlarımız Şuşanın azad olunmasını təntənə və coşqu ilə qeyd ediblər


Gürcüstanda yaşayan soydaşlarımız şanlı Azərbaycan Ordusunun qədim Şuşa şəhərini işğaldan zad etməsini böyük coşqu ilə qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın xalqa müraciəti zamanı qədim mədəniyyət ocağı Şuşanın işğaldan azad olunması barədə verdiyi xəbər dünyanın hər yerində olduğu kimi, Gürcüstanın Marneuli şəhərində də təntənə ilə qeyd olunub.

Qədim mədəniyyət mərkəzi, Qarabağın gözü Şuşanın 28 ildən sonra erməni işğalından azad olunması münasibətilə Marneuli şəhərinin küçələrində üzərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları asılmış avtomobillərlə yürüş təşkil olunub. Əllərində bayraqlar tutmuş sakinlər də “Yaşasın Azərbaycan Ordusu!”, “Yaşasın Azərbaycan Prezidenti!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan-Gürcüstan-Türkiyə qardaşlığı əbədidir!” şüarlarını səsləndiriblər.

Daha bir bayram tədbiri Qardabani rayonunun Qaracalar kəndində də qeyd olunub. Bu münasibətlə böyük bayram süfrəsi açılıb.

El ağsaqqalları, ziyalılar Şuşanın azad olmasına çox sevindiklərini və yaxın vaxtda bütün Qarabağın işğaldan azad olunacağına inandıqlarını bildiriblər.