ABŞ Türkiyənin düşmənləri ilə Ankaraya təzyiq göstərir

Yunanıstanın silahlandırılması qısa müddət üçün hazırlanan plandır

"Bütün bu embarqo və təzyiqlər qısa müddətli zaman üçün hazırlanıb. Əks halda isə Türkiyə ilə münasibətlərin uzun zaman gərgin qalması ABŞ-ın özünə ziyandır"

Yunanıstan Amerika Birləşmiş Ştatları ilə birgə gözlənilmədən Aralıq dənizində təlimlər keçirəcək.
Birləşmiş Ştatların regiona çox böyük hərbi kontingentlə gəldiyi də açıqlanıb. 
Belə ki, Yunanıstana məxsus Krit adası yaxınlığına "USS Eysenhover" aviadaşıyıcısı ilə yanaşı 22 hərbi gəmi və 5 mindən çox hərbçi cəlb olunub.
Sözügedən təlimlər Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkinin Türkiyəni hədəf alan açıqlamasından sonra elan olunub.
Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunur ki, Birləşmiş Ştatlar Aralıq dənizi regionunda sabitlik üçün Yunanıstanla işbirliyini davam etdirəcək. Təlimlərlə bağlı bütün təşkilati işlər Yunanıstan Dəniz Qüvvətlərinin Komandanlığı tərəfindən həyata keçirilib.
Hərbi təlimlərin gələn həftə baş tutacağı gözlənilir.

Qeyd edək ki, Yunanıstan ordusu ötən həftə başqa bir müttəfiqi olan Fransanın "Şarl de Qoll" aviadaşıyıcısı ilə Aralıq dənizində təlimlər keçirmişdi. Siyasi analitik Turab Rzayev "Şərq"ə bildirdi ki, bu güc göstərisi Amerikanın Türkiyədən tələblərinə görə etdiyi addımdır:

"Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyədən bir neçə tələbi var. Bu tələblər, əsasən, Türkiyəni Rusiyadan S-400 silahını almaqdan imtina etdirməkdir. Rusiya ilə əməkdaşlığın kəsilməsi, onlara sanksiyaların tətbiq edilməsi də bu tələblərdəndir. 
Digər məsələ isə Amerikanın yaxın şərqdə, xüsusilə də Suriyada keçirdiyi siyasətə uyğun davranmaqdır. Yəni ABŞ terror təşkilatları olan PKK və YPG-yə verdiyi silahlar, onların təşkilatlandırılmasına göz yummaq. 

Həm də onlar Türkiyənin hərbi cəhətdən güclənib Fransa, Yunanıstan və digər ölkələrə də təzyiq göstərməsindən narahatdırlar. Ona görə də Türkiyəni hansısa şəkildə cəzalandırmaq qərarına gəliblər".

T.Rzayev hesab edir ki, Türkiyəyə qarşı yönəlmiş təzyiqlər, onun düşmənləri ilə müttəfiqlik edilməsi və siyasi təzyiqlər qısa müddət üçün hazırlanmış plandır: "Güman edirəm ki, bütün bu embarqo və təzyiqlər qısa müddətli zaman üçün hazırlanıb.

Əks halda isə Türkiyə ilə münasibətlərin uzun zaman gərgin qalması ABŞ-ın özünə ziyandır. Çünki Amerika Türkiyə olmadan yaxın şərqdə, şimali Afrika və Aralıq dənizi sahillərində öz istəklərinə nail ola bilməyəcəklər. Ona görə də mən hesab edirəm ki, onlar yaxın zamanda Türkiyənin real dəyərini anlayacaqlar. 

Bu yaxınlarda Ərdoğan Putinlə videobağlantı ilə görüşdü. Bu da Amerikanın qıcığına səbəb ola bilər. Bu, həm də Türkiyənin bir mesajı ola bilər ki, əgər bizi divara sıxışdırsanız, biz də divarın o tərəfinə keçə bilərik.

Amma mən düşünürəm ki, Amerika ilə Türkiyə yaxın zamanda ortaq məxrəcə gələ biləcəklər. Düşünürəm ki, onların bir-biri ilə əməkdaşlıqdan başqa yolları olmayacaq. Onlar bunu nə qədər tez anlasalar o qədər daha az itkiyə məruz qalarlar".