Rəisinin fəaliyyətindən gözləntilərimiz var


"Ümid etmək istərdik ki, İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi Ermənistanla sülhsevər Azərbaycanı tərəzinin eyni gözündə tutmayacaq"


“Rəsmi Bakı hər zaman İranla mehriban qonşuluq siyasəti yürütməyə çalışıb və bu ölkəyə qarşı beynəlxalq təzyiqlərdə heç vaxt iştirak etməyib”. Bu sözləri “Şərq”ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, bütün bunların qarşılığında İranın da Azərbaycana qarşı mövqeyi, münasibəti adekvat olmalıdır:


“Ümid etmək istərdik ki, səlahiyyətlərinin icrasına başlayan İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi Ermənistanla sülhsevər Azərbaycanı tərəzinin eyni gözündə tutmayacaq. İranın Azərbaycanla bağlı siyasətində müsbət dəyişikliklərə, konstruktiv yeniliklərə imza atacaq. Eyni zamanda səfir Zohurinin qeyri-diplomatik, təxribatçı hərəkətlərinə də son qoyulacaq. Ötən gün İranın Ermənistandakı səfiri Abbas Zohurinin Ermənistan-Azərbaycan sərhədinə baş çəkməsi müsbət addım kimi qəbul edilə bilməz. Bizim dost və tarixi qonşumuz hesab etdiyimiz bir ölkənin diplomatının bu davranışı təxribatçı hərəkət olmaqla yanaşı, həm də dostluq və qonşuluq prinsiplərinə də tamamilə zidd olan hərəkətdir. Heç də xoş olmayan bu hadisəyə görə təəssüf edirik və səfirin diplomatik normalar çərçivəsindən kənara çıxan bu addımını qınayırıq. Zohurinin sərhəd təxribatı Tehran hökumətinin bölgədə sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu bildirməsi xəttinə qətiyyən uyğun gəlmir. Əksinə, bu addım Ermənistanın revanşist davranışlarının dəstəklənməsi təəssüratını yaradır”.