"Taliban" Əfqanıstana tam sahib olana qədər dayanmayacaq

Kənardan danışıqlarla döyüş əməliyyatlarına nəzarət etmək mümkün deyil

"Taliban" Əfqanıstan hökumətinin təklifini qəbul etməyib. “Taliban” qruplaşmasının nümayəndəsi Zəbiullah Mücahid bildirib ki, “Taliban” rəsmi Kabilin atəşkəs qarşılığında hakimiyyətin bölünməsi təklifini qəbul etmir. O qeyd edib ki, “Taliban"ın əsas hədəfi xarici müdaxiləyə son qoyub, ölkədə islam hakimiyyəti qurmaqdır:

"Əgər rəsmi hakimiyyət buna razılıq versə, biz sülhə hazırıq. Əgər Kabil tələblərimizi yerinə yetirməyə hazır deyilsə, onda bizə mübarizəni davam etdirib, cihad etmək qalır”.

Əfqanıstanda vəziyyətin getdikcə ağır hal aldığını deyən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, "Taliban" Əfqanıstana tam sahib olana qədər dayanan deyil:

"Əfqanıstanda 34 vilayətin 11-nə artıq taliblər nəzarət edir. Qeyd edim ki, bir sıra iri şəhərlər - Qəndahar, Qəzni, Qunduz, Herat artıq "Taliban"ın nəzarətinə keçib. Məzarı-Şərifdə də vəziyyət pisdir. Türkmənlərin lideri marşal Rəşid Dostumun xüsusi təyyarə ilə Kabildən bir neçə yüz xüsusi təyinatlı ilə ora getdiyi bildirilir. Taliblərin onun oğlunu əsir götürdüyü xəbərləri də gəlir. Bu arada Amerika üç min, İngiltərə də altı yüz əsgərini yenidən Əfqanıstana diplomatik korpusun təxliyyəsi üçün göndərir. Hesab edirəm ki, "Taliban"ın belə gedişlə kiminləsə danışıq aparmaq fikri olmayacaq. Əgər Qəndahar alınıbsa, paytaxt Kabilin alınması heç də uzaq deyil. Bu baxımdan, "Taliban" Əfqanıstana tam sahib olmayınca dayanan deyil. Fikrimcə, Əfqanıstanda vəziyyət hər şey öz yerinə oturmayana kimi sakitləşən deyil".

A.Qasımov əlavə edib ki, Əfqanıstana bir çox ölkələrin marağı olsa da, kənardan danışıqlarla döyüş əməliyyatlarına nəzarət etmək mümkün deyil:

"Ərazidə "Taliban"ın üstünlüyü var. Əfqan rəsmi gücləri daha yaxşı silahlansa da, onlardakı döyüş ruhu taliblərin döyüş ruhu ilə bir deyil. Çünki "Taliban" bu məsələyə daha geniş prizmadan yanaşır. Bu döyüşə islam dövləti qurmaq, kafirləri yox etmək və bu kimi fanatik missiya kimi baxır. Məsələ mürəkkəb olduğu üçün tərəflərin tamamilə bir-biriləri ilə münasibətlərini aydınlaşdırması lazımdır. Kim qalib gələcəksə, hakimiyyətə də o gəlməlidir. "Taliban"ın tam hakimiyyətə gəlməsindən sonra hesab edirəm ki, Türkiyə burda daha aktiv siyasi fəaliyyətə başlayacaq. Bu, Türkiyə Prezidenti R.T.Ərdoğanın "Taliban rəhbəri ilə bəlkə görüşə bilərəm" - deməsindən də aydın olur".