Ankara ilə anlaşma: Hakimiyyətini qorumaq üçün "Taliban"ın gücə ehtiyacı var

"Burada da Pakistan və Türkiyə daha mümkün variant kimi görünür"

Türkiyənin “A Haber” televiziyasına açıqlamasında "Taliban" sözçüsü Suhail Şahin deyib ki, Türkiyə onlar üçün qardaş və islam ölkəsidir. O, Türkiyə qüvvələrinin Əfqanıstanda olmasını müsbət qiymətləndirib: “Onların burada olması bizim üçün çox yaxşıdır. Türkiyə ilə çox yaxşı münasibətlər qurmağı hədəfləyirik. Hər hansı bir maddi yardım və ya əməkdaşlıq üçün Türkiyə ilə bir arada olmaq istəyirik”.

"Taliban" rəsmisinin belə açıqlama verməsinin arxasında bir neçə amilin olduğunu deyən politoloq Samir Hümbətov "Şərq"ə açıqlamasında deyib ki, Türkiyə ilə "Taliban" arasında münasibətlərin normallaşmasında Pakistan faktorunun olduğunu gözardı etmək qeyri-mümkündür:



“Eyni zamanda, "Taliban" Əfqanıstanda hakimiyyətini qoruyub saxlamaq üçün həm daxili, həm də xarici siyasətdə güvənə biləcəyi güc lazımdır ki, burada da Pakistan və Türkiyə ən doğru variant kimi görünə bilər. Əfqanıstanın yenidən qurulmasında, xüsusilə də ordu quruculuğu və iqtisadi vəziyyətin normallaşdırılmasında "Taliban" üçün mümkün güc lazımdır ki, burada da Pakistan və Türkiyə daha mümkün variant kimi görünür. Əfqanıstan daxilində məskunlaşan və əsas etibarı ilə Türkiyəyə bağlı olan türkmən qüvvələri ilə daha yaxşı dil tapmaq üçün də Türkiyə "Taliban"a çox lazımdır. Türkiyə Əfqanıstanda mövcudluğunu qoruyarsa, bu hadisə Türkiyənin dünya üçün vacib əhəmiyyətə malik Mərkəzi Asiya regionunda nüfuzunun daha da artmasına şərait yaradacaq. Çin, Rusiya, Hindistan və ABŞ-la yanaşı Türkiyə də həm Əfqanıstanda, həm də Mərkəzi Asiyada əsas nüfuz sahiblərindən biri ola bilər”.

Politoloqun sözlərinə görə, bir neçə gün öncə Pakistan Baş naziri İmran Xan açıqlama verərək Türkiyə və "Taliban" arasında əlaqələrin yaxşılaşdırılması üçün lazım olan bütün imkanlardan istifadə edəcəklərini bildirib: “Hesab edirəm ki, ABŞ və NATO qoşunlarından sonra Türkiyə nəinki Həmid Kərzai adına Kabil hava limanında, eyni zamanda Əfqanıstanın bəzi bölgələrində təhlükəsizliyin təmin olunmasında xüsusi yer tuta bilər. Əgər tərəflər arasında razılıq əldə olunarsa və belə addım atılarsa, bu, Əfqanıstanda vəziyyətin nisbətən də sabitləşməsində, ölkədən daha çox əfqan qaçqının digər ölkələrə axınının qarşısını ala bilər”.