Pekin Tehranın üzərində söz sahibi olacaq

Çinin yatırımları İran iqtisadiyyatını asılı vəziyyətə salacaq

"İran Prezidenti İbrahim Rəisinin xarici və təhlükəsizlik siyasətində Rusiya və Çinlə əməkdaşlığa önəm verəcəyini proqnozlaşdırmaq olar. Bu siyasətin bünövrəsi ondan əvvəl qoyulub. İranın keçmiş prezidenti Həsən Ruhani də Rusiya və Çinlə əməkdaşlığa əhəmiyyət verir və bu istiqamətdə hamıdan daha çox irəli getmişdi".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq"ə açıqlamasında qeyd edib. O bildirib ki, Həsən Ruhaninin prezidentliyi dövründə İran-Rusiya-Çin birgə hərbi təlimləri keçirilməyə başladı və Pekinlə 25 illik strateji pakt imzalandı: “İranda islam inqilabından bu yana Çinlə yaxşı əlaqələr qurulub. İranın yeni Prezidenti İbrahim Rəisi hesab edir ki, Çinlə münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanlar var və o, bu imkanlardan istifadə edəcək. Bu o deməkdir ki, Rəisi Pekinlə daha əvvəl imzalanan 25 illik paktın bəndlərini sözsüz yerinə yetirəcək. Bunun iki səbəbi var. Birincisi, illərdir Qərbin sanksiyaları ilə üz-üzə qalan İranın xarici investisiyalara ehtiyacı var. Pekin 25 ildə İrana 400 milyard dollar yatırım qoymağı vəd edib. İkincisi, İranın Çinlə yaxınlaşmasını ali dini lider Əli Xamenei də dəstəkləyir. Rəisi isə Xameneinin əsas dəstəkçilərindəndir və Tehranda yayılan xəbərlərə görə, 80 yaşı keçən ali dini liderin əsas varisidir. Rəisi ilə Xameneinin xarici və təhlükəsizlik siyasətləri eynidir. Odur ki, Rəisi Xameneinin Çinlə yaxınlaşma siyasətinə sadiq qalacaq”.

Politoloq bildirib ki, İranda Çinlə imzalanan paktdan narahat olanlar da var:

“Keçmiş prezident Mahmud Əhmədinejad Çinlə imzalanan paktın əsas tənqidçiləridəndir. O hesab edir ki, Tehranın Pekinlə razılaşması İranı Çindən asılı vəziyyətə salacaq. Əhmədinejad Çində təzyiqə məruz qalan müsəlman uyğurları da xatırlayıb. Bununla Əhmədinejad ali dini liderə və prezidentə xatırladıb ki, özünü islam aləminin əsas ölkələrindən biri sayan İran müsəlmanlara əziyyət verən ölkə ilə strateji müttəfiq olmamalıdır. Həqiqətən Çində uyğurlara verilən əziyyət Tehranı narahat etmir. Tehran üçün önəmli olan Çinin Qərbə qarşı mübarizə aparması və İrana yatırım qoymağa hazır olmasıdır. Digərləri onu narahat etmir. Böyük ehtimalla İranda Əhmədinejad kimi düşünənlər az deyil və belələri hakimiyyətdə və parlamentdə də var. Ancaq paktı ali dini lider dəstəklədiyindən razılaşmanın tənqidçiləri səslərini gur çıxara bilmirlər. Halbuki tənqidçilər haqsız deyillər. Əlbəttə, Çinin yatırımları cəlbedicidir. Ancaq bu yatırımlar İran iqtisadiyyatını həqiqətən Çindən asılı vəziyyətə sala bilər. Çin yaxın illərdə İranın zəngin təbii ehtiyatlarına sahiblənməklə Tehranın bu sahədəki qərarlarına təsir edəcək. Eyni prosesi Mərkəzi Asiya ölkələrində müşahidə etmək olar. Çin Mərkəzi Asiya ölkələrinə də vaxtilə milyardlarla dollar yatırım qoyub. Hazırda Mərkəzi Asiya ölkələri Çinə o qədər borclanıblar ki, bir sıra qərarları Pekinlə razılaşdırmaq məcburiyyətində qalıblar. O da məlumdur ki, Çin yatırım qoyduğu ölkələrə işçi qüvvəsi kimi vətəndaşlarını da göndərir. Bu hal isə yerli əhali ilə zaman-zaman münaqişələr yaradır. İranda isə işsizlərin sayı az deyil”.