ABŞ-ın Əfqanıstan siyasəti sıfırdır

Dünya liderlərinin səsləndirdiyi ittihamlarda həqiqət payı çoxdur

"Çox güman ki, bundan sonra Avropa Birliyi Amerikadan fərqli siyasət yürüdəcək və Qərb ölkələri NATO-dan kənar qərarlar alacaqlar"


Əfqanıstanda “Taliban” hərəkatı və müqavimət qüvvələri arasında döyüşlər davam edir. Döyüşlər Pəncşir, Parvan və Bağlan əyalətlərində gedir. Xatırladaq ki, Pəncşir əyaləti Əfqanıstanda hakimiyyəti ələ keçirən taliblərə təslim olmayıb. Pəncşirdə müqavimət qüvvələrinə əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu Əhməd Məsud rəhbərlik edir. O, Əfqanıstanın vitse-prezidenti Əmrulla Salehlə birgə “Taliban”ın hakimiyyətini qəbul etməyib. Yayılan məlumatlara görə, "Taliban" Əhməd Məsudu məhv etmək niyyətindədir. Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər deyib ki, taliblər heç vaxt onlarla danışıqlara getməyəcək: “Onlar siyasətçi deyil, terrorçudurlar. Üç il əvvəl onlar dünyanın əksər ölkələrində qadağan olunmuş təşkilatlar siyahısında idilər. Taliblərin məqsədi bütün Əfqanıstanı diz üstə çökdürməkdir”. "Taliban"ın rəsmi nümayəndəsi Zəbiullah Mücahid ABŞ-ın tamamilə ölkədən getdiyini, məğlub olduğunu və Əfqanıstanda nəzarətin tam şəkildə "Taliban"ın əlində olduğunu söyləyib. Onun sözlərinə görə, Amerika Əfqanıstanda öz məqsədlərinə çata bilməyib. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Jozef Borrel isə deyib ki, "Taliban"ın Əfqanıstanda qələbəsi Qərbin açıq məğlubiyyətinə şahidlik edir. Borrel vurğulayıb ki, Qərb bundan dərs çıxarmalı və dünyanın digər bölgələrində analoji fəaliyyətlərə yol verilməməlidir: “Bu, ilk növbədə əfqan xalqı üçün fəlakətdir.

Qərbin açıq məğlubiyyətidir. Bu, beynəlxalq münasibətlərdə əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı. Baş verənlərdən dərs çıxarmaq lazımdır. Əfqanıstan 10 günə yox, 10 ilə itirildi. Qərb ölkələri müasir dövlətin əsaslarını yaratmağa kömək edə bilmədi”. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vanq Venbin bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması sübut edir ki, hərbi müdaxilə və dəyərlərin digərlərinə sırınması siyasəti uğursuzluğa məhkumdur. Rusiya Prezidenti Vladimir Putin də Əfqanıstandakı proseslərə münasibət bildirib. Putinin sözlərinə görə, iyirmi ildir Amerika qoşunları bu ərazidə idi və iyirmi il ərzində heç kimi incitmədən orada yaşayan insanları sivilləşdirmək, siyasi durum da daxil olmaqla ən geniş mənada öz norma və həyat standartlarını tətbiq etmək istəyirdilər. Ancaq nəticə ABŞ və Əfqanıstan ərazisində yaşayan insanlar üçün yalnız faciələr, yalnız itkilər oldu. Nəticə sıfırdır”. 

Əfqanıstan olaylarından sonra ABŞ-ın əsas hədəf olması, hətta Qərb ölkələrinin tənqidinə tuş gəlməsi ilə bağlı “Şərq”ə danışan siyasi şərhçi Turan Rzayev deyib ki, "Taliban"ın əl-qol açmasına görə Amerikanın ciddi ittihamlarla üzləşməsi təsadüfi deyil və müəyyən mənada haqlı tərəflər də var:

“Avropa ölkələrinin də təmsil olunduğu NATO-nun minlərlə əsgəri 20 il ərzində Əfqanıstandakı radikal qruplaşmalara qarşı döyüşüblər. Nəticədə xeyli əsgər həlak olub, yüzlərlə hərbçi yaralanıb. Təmsil etdikləri ölkələrin büdcəsindən Əfqanıstandakı fəaliyyətə kifayət qədər maddi vəsait ayrılıb. Amma ABŞ qəfil geri çəkilmək qərarı aldı və sadəcə Ağ Evin deyil, Avropanın da nüfuzuna zərbə vurdu. Ağ Evin tənqid hədəfi olmasına səbəb 20 illik fəaliyyətin uğursuzluğu ilə bağlıdır. Çox güman ki, bundan sonra Avropa Birliyi Amerikadan fərqli siyasət yürüdəcək və Qərb ölkələri NATO-dan kənar qərarlar alacaqlar. Ümumiyyətlə, Əfqanıstanda baş verən proseslər ABŞ və Böyük Britaniya siyasətinin 200 ildən sonra kəsişdiyini göstərir. Məsələ ondadır ki, Çinin “bir kəmər, bir yol” layihəsi Qərbin anqlosakson vahid siyasi xəttində qırılmalara səbəb oldu. Böyük Britaniya “bir kəmər, bir yol” layihəsinin icrasını fürsət kimi qiymətləndirsə də, Amerika bunu təhdid olaraq dəyərləndirdi. İngiltərə “brexit” qərarından sonra xarici siyasətdə aktivləşdi və qitədən kənar yanaşmalar ortaya qoydu. Hazırda Avropada ABŞ-ın yeritdiyi siyasətə qarşı ciddi narazılıq formalaşmaqdadır. 1945-ci il sonra Avropada vahid “Avropa Evi” layihəsinin formalaşması Qərb ölkələrinin əl-qolunu bağlamışdı. Dünyanın üç ən nüfuzlu ölkəsinin bir formatda yer alması, onları siyasi-iqtisadi cəhətdən asılı etmişdi. Məhz bu səbəbdən İngiltərə Birlikdən getdi və müstəqil siyasətə başladı. Artıq ABŞ və Avropa ölkələri də bir-birinə zidd mövqe sərgiləyirlər”.