Qadınlar işlərinə döndü


Kabil hava limanı əvvəlki vəziyyətinə qayıdıb

Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq Həmid Karzai Hava Limanında qadınlar yenidən işə başlayıb. "Şərq" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ ordusu ölkəni tamamilə tərk etdikdən sonra "Taliban"ın nəzarətində olan hava limanında vəziyyət normala dönüb. Hava limanının rəhbərliyinin verdiyi məlumata görə, artıq 30-a yaxın qadın müxtəlif şöbələrdə işləməyə başlayıb. Yaxın günlərdə onların sayının 60-a çatacağı bildirilib. Qadınlar əsasən keçid məntəqələrində, sərhəd polisi bölmələrində, texniki və xidmət işlərində işləməyə başlayıblar. Hava Limanı Başçısı Mevlevi Abdulhadi jurnalistlərə müsahibəsində qadınların islami hicab qaydaları çərçivəsində işləyə biləcəyini söyləyib və bütün keçmiş qadın işçilərini yenidən işə dəvət edib. "Taliban"ın bütün keçmiş hökumət işçilərini işlərinə qayıtmağa çağırdığını xatırladan M.Abdulhadi bildirib ki, artıq hava limanının işçiləri nizamlı olaraq işə başlaya bilərlər: "Ehtiyacı olan qadınları nəzərə alaraq, onları da işlərinə qayıtmağa çağırırıq. Qadınlar İslam hicabına riayət edərək, lazım olan yerlərdə işə başlaya bilərlər. Qeyd edim ki, əvvəlki hökumət dövründə fəaliyyət göstərən sərhəd polisləri də hava limanında işlərinə qayıdıb ".
Adının çəkilməsini istəməyən bir qadın işçi işinə yenidən başladığı üçün xoşbəxt olduğunu deyib. O, maaş problemlərinin də "Taliban"ın tərəfindən həll edilməsini istəyib. Qeyd edək ki, beynəlxalq ictimaiyyət, xüsusən ABŞ, Avropa ölkələri və Birləşmiş Millətlər Kabil hava limanının ən qısa müddətdə işə salınmasını istəyib.
Aynurə