“Ukraynanın NATO üzvü olması sual altındadır” - ŞƏRH

“Qərb anlayır: Kiyev NATO-ya qoşulsa, Rusiya ilə başlanacaq potensial müharibəyə müdaxilə etməli olacaq”

“Yəni Qərb Ukraynanı tam dəstəkləmir”


“Ukraynanın müttəfiqləri  Krımın Rusiya ilə birləşməsinə kömək edənləri sıxışdırmağa başlamaq qərarına gəliblər”. 
 Bu sözləri “Krım respublikanın daimi nümayəndəliyinin beynəlxalq hüquq məsələləri üzrə işçi qrupunun rəhbəri” Aleksandr Moloxov deyib.  Onun sözlərinə görə,  Baltikyanı ölkələr, həmçinin Çexiya, Polşa və Skandinaviya bu barədə razılıq əldə ediblər. Son zamanlar tərəflər arasında münasibətlər kritikləşməkdədir. Bu, növbəti savaşa işarədirmi?

 Siyas analitik Samir Hümbətov “Sherg.az”a açıqlamasında müharibəni istisna etdiyini bildirdi: 

“Şübhəsiz, Moskva ilə Kiyev arasında gərginlik var. Amma genişmiqyaslı hərbi əməliyyatlar gözlənilmir. ABŞ prezidenti Co Baydenlə ukraynalı həmkarı Vladimir Zelenski arasında son görüşdən sonra belə məlum oldu ki, Ukraynanın NATO üzvü olması özü də hələ sual altındadır. Qərb anlayır: Kiyev NATO-ya qoşulsa, Rusiya ilə başlanacaq potensial müharibəyə müdaxilə etməli olacaq. Yəni Qərb Ukraynanı tam dəstəkləmir. Kiyevin isə hətta Ankaradan “Bayraktar”lar alsa belə,  Moskva ilə təkbaşına mübarizə aparmaq gücü yoxdur. Çünki məsələ Donetsk və Luqanskdakı separatçı rejimlə yox, birbaşa Rusiya ilə savaşdan gedir. Kreml rəsmiləri özləri də deyiblər ki, müharibə Ukrayna üçün böyük məğlubiyyət olar. Əslində Moskva Kiyevi tamamilə işğal etmək üçün bəhanə axtarır və indiki anda müharibə ona sərf edir”.

 S.Hümbətovun sözlərinə görə, Rusiya asanlıqla ambisiyalarından əl çəkməyəcək: 

“Dediyim kimi, müharibə başlasa, Moskva Kiyevi bağışlamayacaq. Ancaq bir halda- Türkiyə ilə Ukrayna arasında hərbi ittifaqının yaranacağı təqdirdə Rusiya hərbi toqquşmadan çəkinməli olar. Çünki Moskva Ankaradan qorxur. Amma Rusiya parçalananadək Krımın, Abxaziya və Osetiyanın, Dnestryanının qaytarılması mümkünsüzdür. Bunlar üçün əvvəlcə Moskvanı iqtisadi cəhətdən çökdürmək lazımdır”.

Kənan