Əfqanıstanı terrorlar bürüyüb


"Taliban" heç bir qüvvə ilə mübarizə aparmaq niyyətində deyil

Əfqanıstanda hərbi xəstəxanaya hücum zamanı "Taliban" qüvvələrinin komandiri Həmdullah Möhlis Kabildə öldürülüb. Bu barədə hərəkatdakı mənbə RİA Novosti-yə bildirib. Lakin taliblər onun ölümünü inkar edir. Hadisənin şahidləri bildiriblər ki, bir qrup terrorçu hadisə baş verən xəstəxanaya giriblər, bundan sonra taliblərlə toqquşma baş verib. Mənbənin bildirdiyinə görə, hücum nəticəsində 23 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Kabildəki xəstəxanaya hücuma görə məsuliyyəti İslam dövləti terror qruplaşması öz üzərinə götürüb. "Frans Press" agentliyinin məlumatına görə, Möhlis avqust ayında hərəkatın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra taliblər arasında öldürülən ən yüksək rütbəli şəxs olub.

Mövzu ilə bağlı politoloq Elman Vəliyev "Şərq"ə açıqlamasında bildirib ki, bu işdə Amerikanın əlinin olmağı danılmazdır. Politoloq qeyd edib ki, "Taliban" hazırda heç bir güclə mübarizə aparmaq istəmir. Daha əvvəl də İŞİD həmin xəstəxanaya hücum etmişdi. Əlbəttə ki, İŞİD bunu göstəriş əsasında edir. Bu işdə Amerikanın barmağının olduğunu desək yanılmarıq.

 "Taliban" heç bir güclə mübarizə aparmaq niyyətində deyil. Çünki o, illərdir ki, mübarizə aparır və nəhayət ki, hakimiyyəti ələ ala bilib. Yeni müharibə bu irəliləyişi geriləmə ilə əvəzləyə bilər. Amma zənn etmirəm ki, "Taliban" öz təhlükəsizliyinə görə lazımlı cavablar verəcək. "Taliban"ın ümumiyyətlə, İŞİD-lə uzunmüddətli mübarizə aparmaq fikri yoxdur. 

"Taliban" artıq bir dövlət hökumətidir, İŞİD isə dəstəklənən terror təşkilatıdır. Hesab edirəm ki, "Taliban" sadəcə özünü müdafiə etmək üçün adekvat cavablar vermək yolunu seçəcək".