FTB Baydenin qızının oğurlanmış gündəliyi ilə bağlı axtarışlar aparıb


Federal Təhqiqatlar Bürosunun (FTB) üzvləri məhkəmənin sanksiyası ilə ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin qızı Eşlinin 2020-ci ilin oktyabrında oğurlanmış gündəliyi ilə bağlı Nyu-Yorkda və Nyu-Yorkun Uestçester dairəsində axtarış aparıblar.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Təhqiqat 2020-ci il prezident seçkilərindən əvvəl Eşli Baydenin sağçı mənbələrdən birində qeydlərinin bir hissəsinin dərc edilməsində iştirak etdiyi iddia olunan “Project Veritas” qrupunun keçmiş və indiki işçilərinin evlərində aparılıb. Qəzetin mənbələrinin məlumatına görə, iş FTB və Manhettenin federal prokurorları tərəfindən aparılır.

Gündəliyin məzmunu açıqlanmır. 2020-ci ilin oktyabrında Bayden ailəsinin sözçüsü hüquq-mühafizə orqanlarına Eşlinin bir neçə əşyasının oğurluq zamanı itdiyini deyib.

“Project Veritas” gündəliyi dərc etmədiyini, qeydlərin ona bəzi informatorlar vasitəsilə ötürüldüyünü iddia edib. Təşkilat rəhbəri Ceyms O Kif bildirib ki, qrup məhkəməyə çağırış barədə bildiriş alıb. O, “Project Veritas”ın əvvəllər öz mənbələri ilə gündəliyi müzakirə etdiyini təsdiqləyib.