Makrona dəstək verənlər çox olacaq

Ermənilərin meyil etdiyi faşist namizəd – Erik Zemmurun Fransada prezident seçilmə şansı çox aşağıdır

Erməni siyasi şərhçi Tevos Arşakyan gələn il Fransada keçiriləcək prezident seçkilərindən danışıb. Arşakyan iddia edib ki, Fransa erməniləri öz namizədlərini seçiblər və ona hər cür dəstək verməyə başlayıblar. Onun sözlərinə görə, Fransa vətəndaşı olan ermənilər sağlam düşüncəyə zidd olaraq 63 yaşlı yazıçı və jurnalist Erik Zemmura “girişməyə” başlayıblar. Məsələ ondadır ki, Fransada demək olar ki, hər kəs Zemmuru faşizmin fəal tərəfdarı kimi tanıyır: “Zemmurun baxışları nasist baxışlarına çox yaxındır. 

Məsələn, Zemmur qeyri-leqal miqrasiyaya, müsəlman ölkələrindən olan miqrantlara qarşı çıxır, islamafobiya və antisemit fikirləri ilə fərqlənir. Onu hətta müsəlmanlara qarşı nifrət yaratdığına görə bir neçə dəfə cərimələyiblər də. Yəni faşist baxışlarına malik ultramillətçidir”. Arşakyan əlavə edib ki, əgər 2022-ci ildə Makron yenidən Fransa prezidenti seçilsə, o, bu olanları ermənilərin yadına salacaq: “Makron artıq indidən hər şeyi görür və anlayır. Belə çıxır ki, biz yeganə dostumuza qarşı da xəyanət etmiş olduq. Amma bu dəfə ermənilər bu “oyununa” görə cavab verməli olacaq. Makron yalnız Ermənistana deyil, həm də erməni icmasına qarşı münasibətini dəyişəcək”. 

Erməni ekspertin açıqlamasını “Şərq”ə dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Şərq”ə deyib ki, Fransada erməni lobbisi təsir imkanları baxımından güclü olsa da, əhali cəhətdən həlledici səs bazasına malik deyillər. Analitikin fikrincə, ermənilərin meyl etdiyi faşist namizəd – Erik Zemmurun Fransada prezident seçilmə şansı çox aşağıdır:

 “Xatırlayırsızsa, Zemmur demişdi ki, prezident seçiləcəyi təqdirdə Fransada Məhəmməd adının uşaqlara verilməsini qadağan edəcək. Ermənilərin müsəlmanlara, türklərə qarşı aşırı nifrət bəsləyən birini sevməsi təbiidir. Ancaq inanmıram ki, fransızlar faşist düşüncədə olan birini özlərinə rəhbər seçsinlər. Ermənilər vaxtı ilə Makrona da səs veriblər. Onlar elə bir xalqdır ki, hər namizədə uyğun dəstəkçiləri, tərəfdarları mövcuddur. Şübhəsiz, budəfəki seçkilərdə ermənilər içində Zemmurla yanaşı, Makrona da dəstək verənlər olacaq. Makron ermənilərin xislətinə yaxşı bələddir. Təkrar seçiləcəyi təqdirdə ermənilərdən “intiqam” almaq düşüncəsinə qapılmayacaq”. 

Ə.Məmmədli qeyd edib ki, Fransanın bütün rəhbərləri lazım olan məqamda “erməni kartından” öz məqsədləri üçün istifadə ediblər: 

“Məlumdur ki, erməni məsələsini əsasən qardaş Türkiyəyə qarşı meydana sürürlər. Rəhbərlikdə kimin olmasından asılı olmayaraq, Paris Ankaraya düşmən mövqeyini davam etdirəcək. Hazırda Türkiyənin kifayət qədər güclü olması Fransanın əl-qolunu bağlayır və təsir imkanlarını zəiflədir”.