Liderlər Ukrayna savaşının qarşısını almağa çalışır

Rusiya ilə yüksək münasibətlərə sahib Türkiyə və Azərbaycanın gedişləri çox önəmlidir

   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə həftədən sonra Ukraynaya rəsmi səfəri gözlənilir. Səfər ərəfəsində Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskini aradakı fikir ayrılığını həll etmək üçün Türkiyəyə dəvət edib. Prezidentin mətbuat katibi İbrahim Kalın deyib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazırdır. Bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi olaraq edir: “Ruslarla sıx təmasda olacağıq ki, ağır nəticələrə səbəb ola biləcək hər hansı hərbi əməliyyatdan uzaq olaq”. Kalın söyləyib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyi və sosial birliyini dəstəkləyir. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ərdoğanın çağırışına cavab verib. Peskov deyib ki, Moskva istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışlayır: “Ankara Kiyevi Minsk razılaşmalarını yerinə yetirməyə təşviq edə bilsə, məmnun olacağıq”. Xatırladaq ki, bu ilin yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev də Ukraynaya səfər etmişdi. 

Ukrayna ilə diplomatik təmasların intensiv hal almasını “Şərq”ə dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, tarixi məqam yetişib, nəinki bölgədə, bütövlükdə Avropa zonasında müharibənin başlama ehtimalı var: 

“Müharibə konkret bir regionu deyil, bütün planeti əhatə edə bilər. Ukraynanın işğalı Rusiyanın digər sovet respublikalarına da əl atmasına gətirib çıxarar. Ona görə də NATO açıq şəkildə bildirir ki, gec-tez Ukrayna və Gürcüstan hərbi alyansın üzvü olacaq. Ciddi toqquşma nöqtələri meydana çıxmaqdadır. Belə məqamda həm Ukrayna, həm də Rusiya ilə yüksək münasibətlərə sahib Türkiyə və Azərbaycanın gedişləri çox önəmlidir. Rusiyanın qoşulduğu savaş regionda Türkiyə və Azərbaycan üçün də ciddi problemlər deməkdir. Prezident İlham Əliyevin Ukraynaya səfəri, yaxın günlərdə cənab Ərdoğanın Kiyevə gedəcəyi xəbəri, eyni zamanda Putin və Zelenskinin Ankaraya dəvət olunması önəmli gedişlərdir. Bir növ vurğulanır ki, regiondakı problem bölgənin əsas söz sahibləri – Türkiyə və Rusiyanın iştirakı ilə həll edilməlidir. Bununla həm də Qərb bölgədə Türkiyənin gücünü qəbul etmiş olacaq. 

Moskva isə dəfələrlə bəyan edib ki, NATO-nun əsas müttəfiqi Türkiyə ilə bir çox məsələdə ortaq məxrəcə gəlmək mümkündür”.