Tokayev başını itirib, bilmir nə danışır

Prezidentin varlı-kasıb söhbətindən dəm vurması onun problemləri həll edəcəyindən xəbər vermir

"Söhbəti hansı tərəfə fırlatsa, etirazların və problemlərin bir ucu ona toxunacaq"

Qazaxıstanda baş verən iğtişaşların kökündə varlılarla kasıbların gəlirləri arasındakı uçurum dayanır. Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib. Onun sözlərinə görə, ölkədə varlı ilə kasıb arasındakı uçurum qəbuledilməz həddə çatıb: “Sizə yaxşı bəlli olan korrupsiya fonunda gəlirlərdəki bu təbəqələşmə barıt çəlləyində yandırılmış kibrit rolunu oynadı”. Tokayev bildirib ki, baş verənlər illərdir yığılıb qalmış problemləri üzə çıxarıb:

“Bizə Qazaxıstan xalqının istək və maraqlarına cavab verən real islahatlar lazımdır”. Xatırladaq ki, iğtişaşlar zamanı Tokayev etirazçıları “terrorçu” adlandırmış, paytaxtda 20 min “terrorçunun” olduğunu iddia etmişdi.  

Politoloq Əhəd Məmmədli “Şərq”ə deyib ki, Tokayevin əvvəlki iddiaları tamamilə cəfəngiyyat idi. Analitikə görə, sonrakı müddətdə heç bir terrorçunun aşkar olunmaması da göstərdi ki, ölkə rəhbərliyi etirazları boğmaq və kənar gücləri gətirmək üçün “terrorçu” söhbətini ortaya atmışdı:

 “Nə terrorçu həbs olundu, nə də hansısa terror təşkilatının adı açıqlandı. Tokayevin bir müddət sonra başqa hava çalacağı bəlli idi. Amma prezidentin varlı-kasıb söhbətindən dəm vurması onun problemləri həll edəcəyindən xəbər vermir. Tokayev “illərlə yığılıb qalan problemlər” deməklə mövcud gərginliyin günahını birbaşa sabiq rəhbər Nursultan Nazarbayevin üzərinə atmağa çalışır. Düzdür, problemlər əvvəldən var idi. Amma nəzərə alaq ki, Tokayev Nazarbayevin hakimiyyəti dönəmində yüksək vəzifələr icra edib. Deməli, yığılmış problemlərdə indiki prezidentin də rolu az olmayıb. Yəni Tokayev söhbəti hansı tərəfə fırlatsa, etirazların və problemlərin bir ucu ona toxunacaq”.