Ankaradan Afinaya etiraz notası! – “Yunanıstanın arxasında Qərb dayanıb, Fransanın adı...”

Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstana etiraz notası verib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Nazirlikdəki mənbələrə istinadən yayılan məlumatda bildirilib ki, sənəd Egey dənizində türkiyəli balıqçılara qarşı qeyri-mütənasib güc tətbiqinə etiraz olaraq verilib.

Qeyd edək ki, qardaş ölkə və rəsmi Afina arasındakı gərginlik tarix boyu olub. Ərazi və mədəniyyət üzərindəki münaqişə iki ölkənin hər cəhətdən ziddiyyət yaşamasına səbəb olur. Xüsusilə, Yunanıstan Türkiyəyə qarşı ərazi ilə bağlı müddəalardan əl çəkmir.

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Türkiyə və Yunanıstan arasında bu cür nota ilə qarşıdurmanın uzun müddət davam edəcəyini vurğulayıb:

“Egey dənizində, o cümlədən adalar bölgəsi və Aralıq dənizində konkret olaraq Yunanıstanın iddiaları var. Dəniz və sahil xətləri anlayışı mövcuddur. Türkiyənin, demək olar ki, Mersin limanına yaxın türk sahili boyunca ərazilərə də Yunanıstanın maraqları var. Arxasında da Qərb ölkələri dayanıb. Fransanın adını xüsusi çəkməliyik. Həm Aralıq dənizində, həm Şimali Afrikada və Yaxın Şərqdə rəsmi Ankaranın yürütdüyü anti-Fransa siyasətinə cavab məqsədi daşıyır. Bu baxımdan uzun müddət bu cür situasiyaların şahidi olacağıq.

Ekspert izah edib ki, Egey dənizi ətraf ölkələr üçün xüsusi mövqe daşıyır:

“Bölgənin Yunanıstan və Türkiyənin yerləşdiyi ərazi, xüsusilə də, Kipr zonası beynəlxalq güclərin toqquşduğu bir ərazidir. Orada ABŞ-ın, Fransanın, Britaniyanın, yaxınlıqda, yəni Suriyada şimal qonşumuzun hərbi bazası var”.

Ekspert notanın bir nəticə verməyəcəyini bildirib:

"Bu nota heç nə həll etməyəcək. Türkiyə həmişə hədə-qorxu gələcək. İki NATO üzvü yalnız bu cür revanşlarla kifayətlənməyi seçirlər. Sərt qarşılaşma mümkün deyil. Sadəcə, təhdidlə dənizdə güzəşt əldə edirlər"

 Cəmilə ƏZİM