1 milyon gürcü Rusiya ilə dolanır


Gürcüstan vəziyyəti dəyərləndirib sanksiyalara qoşulmadı

Sanksiyalar nəticəsində kasıblaşan əhali təkcə Rusiyada olmayacaq, proses bütün MDB ölkələrinə təsirini göstərəcək

Gürcüstan Rusiyaya qarşı tətbiq ediləcək maliyyə və iqtisadi sanksiyalara qoşulmayacaq.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sanksiyalara qoşulması ölkəyə və əhaliyə zərər vura bilər. Baş nazir qeyd edib ki, sanksiyalara qoşulmamaq qərarı milli maraqlar əsasında qəbul edilib.
“Biz beynəlxalq tərəfdaşlarımızın Ukraynada münaqişənin başlanmasından sonrakı fəaliyyəti ilə tanış olmuşuq. Mən iqtisadi və maliyyə sanksiyalarını nəzərdə tuturam. Aydın və birmənalı şəkildə vurğulamaq istəyirəm ki, milli maraqlarımızı və əhalinin maraqlarını nəzərə alaraq maliyyə və iqtisadi sanksiyalarda iştirak etməyəcəyik. Bu, ancaq ölkəyə və əhaliyə zərər vuracaq. Mən bizim ölkəmizin əhalisi üçün məsuliyyət daşıyıram” - deyə İrakli Qaribaşvili bildirib.
O, Baş nazir kimi istər daxili, istərsə də xarici siyasətdə yalnız Gürcüstanın milli maraqlarını rəhbər tutduğunu qeyd edib.

İ.Qaribaşvili hökumətinin addımını “Şərq”ə şərh edən politoloq Yeganə Hacıyeva Gürcüstanın sanksiyalara qoşulmamasını düzgün addım kimi qiymətləndirib.
“Gürcüstan və Rusiyanın münasibətləri müəyyən mövzular səbəbindən uzun illərdir pozulub. Rusiyanın hərbi dəstəyi ilə Gürcüstanda qondarma quruluşlar mövcuddur. Onlar hələ də Moskvanın maddi və mənəvi dəstəyi ilə ayaqdadırlar. Ancaq Rusiya post-sovet məkanında kifayət qədər nüfuzlu ölkədir. Gürcüstan da digər MDB ölkələri kimi bu ölkədən maliyyə əldə edir. Yəni orada işləyərək öz ölkəsinə pul göndərən çoxlu sayda insanlar var. Bu rəqəm təxminən 1 milyona yaxındır. Əgər 3 milyon əhalisi olan ölkənin bu qədər böyük bir hissəsi Rusiyadan maliyyələşirsə, Gürcüstanın bu ölkəyə qarşı sanksiya tətbiq etməsi doğru olmazdı. Gürcüstan prosesləri Qərbdən daha yaxşı dəyərləndirə bilir. 
Rusiyanın öz nüfuz dairəsi saydığı ölkələrin arasında ənənəvi rəqib olduğu Gürcüstan kimi ölkələrlə münasibətləri düzəltmək üçün imkan yaranıb. Nə qədər qəribə səslənsə də, bu, belədir. Kreml pisliyi unutmadığı kimi yaxşılığı da unutmur. 

Ukrayna ilə münasibətlərin pisləşməsində ölkənin siyasi rəhbərliyinin də rolu az deyil. Bunu ətrafda hamı başa düşür. 

Rusiya nə qədər yaralıdırsa, bir o qədər də aqressivdir”.
Politoloq Rusiyaya tətbiq olunacaq maliyyə sanksiyalarının işlək olmayacağını da deyib. 
“Çünki bütün pullar hesablanmır. Maliyyənin izlənilən üsulları ilə yanaşı izlənilməyən üsulları da var. Dünyada köçürülən pulların cəmi 10 faizi bilinir. 

Əlbəttə, sanksiyalar nəticəsində kasıblaşan əhali hökumətə qarşı çıxacaq. Ancaq bu təkcə həmin ölkədə baş verməyəcək.

 Bütün MDB ölkələrinin əhalisi kasıblaşacaq. Bu, köhnə SSRİ sistemidir və deyildiyi kimi hələ də dağılmayıb. Yəni qonşular bir-birindən dolanır və iqtisadi asılılıq var. Bu sistemin 30 ildə alternativi formalaşmayıb. Mümkün də deyil. Bunun üçün beyinlər dəyişməlidir”. 
Sənan İsmayıl