"Ukraynaya hərbi təcavüzü qınayırıq"

Boran Əzizli: "Əgər ruslar əsrlər öncəsinə əsaslanaraq, sərhədləri dəyişdirməyə çalışırsa, o halda bir çox dövlətlər xəritədən silinməlidir"

“Rusiyanın işğalçılıq siyasətini və Ukraynaya hərbi təcavüzünü qınayırıq”. Bu barədə “Şərq”ə tarixçi-alim Boran Əzizli deyib. Tarixçi bildirib ki, Ukrayna xalqının tarixi, dövlətçiliyi ilə bağlı Kreml rəhbərliyi tərəfindən irəli sürülən fikirlər tamamilə absurd və uydurmadır: “Ukrayna ərazilərinə iddia etmək, bölgənin “rus torpaqları” olduğunu söyləmək Rusiyanın işğalçılıq siyasətinə haqq qazandırmaq, ideoloji don geyindirmək cəhdidir. Əgər ruslar əsrlər öncəsinə əsaslanaraq, sərhədləri dəyişdirməyə çalışırsa, o halda bir çox dövlətlər xəritədən silinməlidir. Yəqin ki, ruslar özləri də mərkəzləşmiş dövlət yaratmazdan öncəsi dövrləri, imperiya qurduqları ərazilərin kimlərə məxsus olduqlarını yaxşı bilirlər. Ona görə də belə iddialar yolverilməz və ən əsası da Moskvanın özü üçün təhlükəlidir. Bu həm də tarixin təhrif edilməsidir. Ukrayna torpaqları ruslara məxsus deyil”.