Savaş təbliğatı effekt vermir

Moskva Ukrayna hakimiyyəti ilə anlaşa bilmək imkanını nəzərə alır

   Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Alekey Arestoviç Rusiyanın tələblərini tədricən azaltdığını deyib. Onun sözlərinə görə, Moskva artıq denasifikasiya və digər tələblərdən danışmır. “Neytral status” haqqında isə az danışılır. Daha çox Ukraynada müəyyən növ silahların yerləşdirilməsinin qarşısını almaq üzərində müzakirə edilir.

Arestoviçə görə, tələblərin azalması Rusiyanın hədəfinə hərbi yolla nail olmağın mümkün olmadığını anlamasından irəli gəlir. Rusiya ordusunun üzləşdiyi müqavimət və verdiyi itkilər də bu versiyanı gücləndirir. Lakin Rusiya rəhbərliyinin, birbaşa Putinin geri çəkilməməklə bağlı açıqlamaları, əlavə qüvvələrin cəlb edildiyi haqda xəbərlər Moskvanın danışıqlara da taktiki dəyişiklik etdiyi ehtimalını da önə çıxarır.

Siyasi şərhçi Asif Nərimanlıya görə, denazifikasiya, yəni rusların iddia etdiyi kimi “Ukraynada neonasistlərə qarşı döyüş” təbliğatı effekt vermir. Analitikə görə, Kreml bunu müharibəni daxili ictimai rəydə legitimləşdirmək üçün istifadə edir:

 “Hərçənd, “işləyən mexanizm” olmadığı, xüsusilə sanksiyalar altında əzilən rus xalqının buna inanmadığı məlumdur. Rusiya rəhbərliyi daxili ictimai rəydə sanksiyaları “azadlıq naminə verilən qurban” kimi təqdim etməyə çalışır. 

Digər yandan, Moskva Ukrayna hakimiyyəti ilə anlaşa bilmək imkanını da nəzərə alır. Kremldə hesab edirlər ki, Qərb Kiyevə lazımi dəstək vermir. 

Zelenskinin son açıqlamaları da bu fikri gücləndirən amildir və hücumun təzyiqini artırmaqla masada istəyinə razılaşa bilər. Hərçənd, Kremldə onu da anlayırlar ki, rəsmi Kiyevin birbaşa “kapitulyasiya” etməsi mümkün deyil. Tələblərin yumşaldılması Ukrayna hakimiyyəti üçün “açıq qapı” qoyur və “neytral status” məsələsində razılaşmaq istəyir. 

Çünki ağır sanksiyalar fonunda rus ordusunun verdiyi itkilər və Ukrayna xalqının nifrəti Putinə “pir qələbəsi” vəd edir”.